Mayın əvvəlində idarə etdiyi “Porsche” markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürdükdən sonra hadisə yerindən qaçan 16 yaşlı Ağəli Fərəcov bir anda ölkə mətbuatının gündəminə çevrildi.
İş adamı Füzuli Fərəcov yetkinlik yaşına çatmayan oğluna maşın sürməsi üçün verdiyi icazəyə görə qınanıldı, atanın balaya düzgün tərbiyə vermədiyi qabardıldı.
Amma deyəsən, adıçəkilən ailə iki uşağın yetim qalması ilə nəticələnən hadisədən dərs çıxartmayıb.
Sizə təqdim etdiyimiz faktlardan sonra inanacaqsınız ki, Ağəli Fərəcov həmin nəsildən çıxan son cinayətkar olmayacaq.
Şəkildəki Qulubəyli Turan Ağəli Fərəcovun, yəni, qadını öldürən 16 yaşlı gəncin xalası oğludur. “İnstagram” hesabında paylaşdığı videolardan görünür ki, bu gənc də doğru yolda deyil.
Məlum olduğu kimi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sarı xətt zolağından istifadə etmək hüququ yalnız və yalnız “Bakı-2017”-ə aidiyyatı olan nəqliyyat vasitələrinə verilib. Digər avtomobillərin həmin zolaqla hərəkət etməsi qadağandır və cəriməsi 40 manatdır.
Ancaq Turan üçün tətbiq edilən qanunun heç bir əhəmiyyəti yoxdur. Digər maşınlar tıxacda gözlədiyi halda, bu cavan oğlan sarı xətlə hərəkət edir. Şərh bölməsində “40 manat getdi” yazanlara isə belə cavab verir: “Brat, bizə icazə var”.
Görəsən, ona bu icazəni kim verib? Hər kəs, hətta dövlət idarələrində çalışanlar belə tıxacda gözləyirsə, Qulubəyliyə bu hüququ tanıyan kimlərdir?
Onu “canlı bomba” da adlandırmaq olar. Növbəti videosunda idarə etdiyi avtomobillə qoşa xətti tapdayalan Turan, qarşıdan gələn maşının yoluna çıxaraq avtoqəza şəraiti yaradır. Bəhs etdiyimiz videonun şərh bölməsinə yazılan “protiv Turan sizə deyirlər?” sualına isə “həri, brat” cavabını verir. Yəni, özü də qanunu pozduğunu etiraf edir.
Sadaladığımız təkcə bu iki fakt onun xalası oğlu qədər təhlükəli olmasından xəbər verir. Ağəlinin törətdiyi qəzadan nəticə çıxartmayan, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çalışan bu gəncin ölən qadının dəfnindən 40 gün keçməmiş yüzminlik maşında yüksək səslə əndrəbadi mahnıya qulaq asmasını isə oxucularımızın öhdəsinə buraxırıq.
Yenicag.az
www.yenicag.az