Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin sökülməsinə ölkə başçısı İlham Əliyevin münasibətini açıqlayıb.
Yenicag.az xəbər verir ki, Ə. Həsənov APA-ya açıqlamasında bildirib: “Hələ aprel ayında prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin sökülməsini dayandırıb, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş verib. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlib ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunub.
Komissiyanın qənaətinə uyğun olaraq, prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra “Hacı Cavad” məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar verib”, – deyə Ə. Həsənov qeyd edib.
Ə.Həsənov onu da bildirib ki, prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılıb, müvafiq tikinti işlərinə başlanıb.
Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir.
Əli Həsənov diqqətə çatdırmışdır ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilmişdir.
www.yenicag.az