Prezident bu qanunlarda dəyişikliyi təsdiqlədi

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“30.5. İnzibati orqan tərəfindən qanunla ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər”.

***

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Dəyişikliyə görə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

1. 10-cu hissənin ikinci cümləsindən “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə)” sözləri çıxarılıb.

2. Aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilir:

“10-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir”.

***

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

Dəyişikliyə əsasən, aşağıdakı hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək:

– Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi ilə bağlı məhkəmə iclasları;

– İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi;

– Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edəcəyi hallar.