Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharanini qəbul edib.
Yenicag.az xəbər verir ki, söhbət zamanı Bakıda keçirilən Asiya Parlament Assambleyasının “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının önəminə toxunuldu, bu tədbirin parlamentlərarası əməkdaşlığın gücləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Görüşdə Azərbaycanla İndoneziya arasında əlaqələrin perspektivləri, həmçinin parlamentlərimiz arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.
Qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Pakistan İslam Respublikasının Senatının sədri Seyid Yusuf Rza Gilanini qəbul edib.
Seyid Yusuf Rza Gilani Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari və Baş naziri Məhəmməd Şahbaz Şərifin salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Qonaq Bakıda COP29-un uğurla keçirilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.
Dövlət başçısı Pakistanın Baş nazirinin COP29-da iştirakını məmnunluqla xatırlayaraq bunu yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi-ticari, energetika və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, uğurlu hərbi əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsindən məmnunluq ifadə olundu, parlamentlərimiz arasındakı əlaqələrin və hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edildi.
Azərbaycan ilə Pakistan arasında əlaqələrin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatında inkişafı və bu formatda üçtərəfli görüşlərin əhəmiyyətinə toxunuldu.
Qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.
Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdiyi qeyd olundu. Keçən il Belarus Prezidentinin ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin inkişafında rolu vurğulandı.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunuldu.
Qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim etdi.
www.yenicag.az