“Vergi sahəsində baş verən islahatlar bir sıra əməliyyatların həyata keçirilməsində müsbət rol oynayacaq”.
Bu sözləri Yenicag.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.
O bildirib ki, vergi sahəsində islahatların aparılması müsbət addımdır və bir sıra sektorların inkişafına öz təsirini göstərəcək:
“Ümumiyyətlə, Azərbaycanda vergi islahatlarına 2016-cı ilin dekabr ayında başlanılıb. Hətta ölkə prezidenti “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanı imzaladı. Məhz bundan sonra 2017-ci ilin əvvəlindən bir sıra vergi islahatları tətbiq edilərək, həyata keçirilməyə başlandı. Nəticədə, qeyri-neft sektorunda inkişaf, manatın məzənnəsinin qorunub saxlanılması, idxal və ixrac kimi əməliyyatlarda müsbət addımların atılması və s. kimi hadisələr baş verdi. İndi də bu işlərin görülməsi davam edir”.
Millət vəkili açıqlamasında həmçinin, bu ilin əvvəlindən vergi sahəsində baş verən kadr dəyişikliyi haqqında da danışıb:
“Bu ilin əvvəlindən də vergi sahəsində çalışan işçilərin və sahibkarlarda narazılıq yaratmış şəxslərin işdən azad olunması ilə bağlı kadr dəyişikliyi həyata keçirildi. Bu problemlər isə tək vergi sahəsində deyil, bütün sahələrdə özünü göstərir. Dünyanın bir çox ölkələrində də bu problemlər mövcuddur. Elə islahatlar da buna görə tətbiq olunur. Bunun üçün də cənab prezident nazirlərə göstəriş verib və yerinə yetirilməsi ilə bağlı işlər görülür”.
Elvin Paşazadə
www.yenicag.az