Putinin “təbliğat çarı” bu dəfə də Paşinyana İLİŞDİ – Kremldən İrəvana GÖZDAĞI
“Rusiya postsovet məkanında təsir imkanlarını itirməkdə davam edir. Son həftələr Kremlin postsovet respublikaları üzərində təsirini saxlamaq üçün addımlar atdığı müşahidə olunur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.
O, ötən gün Rusiyada “Putinin təbliğat çarı” adlandırılan jurnalist Vladimir Solovyovun Ermənistanın Baş naziri Nikol Paşinyan haqqında söylədiyi fikirlərə, habelə Kremlin Ermənistana qarşı münasibətinin yeni mərhələyə keçməsini şərh edib.
Xatırladaq ki, İrəvanda saxlanılan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov “Rossiya 1”də Paşinyanın ünvanına təhqirli nitq söyləyib və qondarma rejimin adını çəkib və ermənilərə Ermənistanın da taleyinin separatçı qurum kimi olacağını deyib.
Prosesləri şərh dən X. Cəfərli isə əmindir ki, Qazaxıstan, Özbəkistan, Moldova və Ermənistan hazırda Rusiyanın daha çox diqqət ayırdığı postsovet ölkələridir:
“Lakin Rusiyanın bütövlükdə təsir gücü azaldığı üçün, əsasən, informasiya müharibəsinə üstünlük verir. Rusiyanın postsovet ölkələrini öz təsir dairəsində saxlamaq üçün iqtisadi gücü olmadığı üçün hərbi gücdən istifadə edirdi. Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq Rusiyanın əlindəki yeganə təsir gücünü itirməsinə səbəb olub. Rusiya artıq postsovet respublikalarını hərbi güclə qorxuda bilmir. Hər bir ölkə bilir ki, Rusiyanın iki cəbhədə döyüşmək imkanı yoxdur. Ona görə də, əsasən, informasiya müharibəsinə, təbliğata üstünlük verir. Solovyov və digərləri təbliğat tezislərini Kremldən alırlar. Rusiyanın televiziya kanallarında səslənən bütün siyasi mövqelərin tezisləri Kreml tərəfindən verilir. Solovyovun Ermənistana ünvanlanmış təhdidinin tezisi də Kremldən verilib. Ancaq belə siyasətlə Rusiya ciddi bir uğura nail ola bilməz. Hətta özünə zərər verə bilər”.
Rafi Müslümov