Putinlə “dostluq” ALINMADI – Trampın gecikmiş qərarı NƏDİR?
“ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı simpatiyasının kökündə nə dayandığı aydın olmasa da, Putin kimi insanla necə dost olunmadığı Trampın sonda gəldiyi nəticədən bəlli olur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərməsinin səbəblərini izah edib.
Onun fikrincə, Tramp ya Putinin xarakterinə bəlli olduğu üçün ilk vaxtlar onu tərifləməklə yola gətirməyi fikirləşdi, – hansı ki, bu, nəticə vermədi – ya da Tramp siyasi gediş etdi:
“Yaxud Putinin heç nəyə baxmadan hər addımı ata biləcək xarakterdə adam olduğunu bildiyi üçün də siyasi gediş etdi. Eləcə də daha böyük dağıdıcı proseslərin qarşısını almaq üçün Putinin Ukraynada əldə etdiklərini ona verməklə müharibəni dayandırmaq istədi. Bunun üçün Zelenskini belə Ağ Evdə aşağıladı, amma Putin soyuqqanlı şəkildə verilənlərlə qane olmadığını göstərdi. Putinin, əslində, start verdiyi proses Ukrayna ilə məhdudlaşmır. Putin daha böyük planlarla Ukrayna müharibəsinə başlayıb. Postsovet məkanı, Şərqi Avropa və s. də Rusiyanın hegemonluğunu bərpa etmək istəyir”.
“Nəticə etibarilə, Tramp Putinin sakitliklə yola gəlməyəcəyi qənaətinə gəldi. Bunun belə olacağı əvvəlcədən bəlli idi. Artıq Putin Tramp üçün pis adam rolundadır. Pis adamlarla isə ancaq güc dilində danışmaq lazımdır. Tramp da buna başlayıb. Hələlik ciddi dərəcədə silah dəstəyi olmasa da, getdikcə bunun artacağı proqnoz ediləndir. Çünki məsələ güc yolu ilə həll ediləcəksə, Ukraynaya ciddi şəkildə hərbi dəstək verilməsi mütləq olacaq. Burada hücum silahlarının verilməsi isə ən başda dayanan məsələ olacaq. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin yeni fazası başlayır, Rusiya getdikcə daha aqressiv olur. Bu da müvəffəqiyyətsizlik sindromunun əlamətidir. Putin bilir ki, məğlub olmaq demək Rusiyanın yox olması deməkdir. Rusiyasız dünya da Putinə lazım deyil”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov