!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qafqazda ən ağıllı addımı Azərbaycan atır - EKSPERT

!Reklam – Yazi

“Bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib. Nazirin sözlərinə görə, Moskvanın Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün qorunması üzrə fəal hərəkətlərini bəzi ölkələr onların milli maraqlarına təhlükə kimi qəbul edirlər.

Bu məsələni Yenicag.az-a şərh edən siyasi şərhçi Azər Həsrət bildirdi ki, Cənubi Qafqazda Qərbin fəallaşmasına rəğmən hələlik, söz sahibi Moskva olaraq qalır:

“Rusiyanın ümumiyyətlə, Cənubi Qafqaz bölgəsindəki maraqları başa düşüləndir. Təbiidir ki, bir sıra Qərb dövlətlərindən fərqli olaraq Rusiya sərhədimizdə yerləşir və mümkün qədər buradakı maraqlarını qorumağa çalışır. O baxımdan forpost olaraq Ermənistanı əlinin altında saxlayır. Gürcüstanla Azərbaycan isə müstəqil siyasət yürütdüyündən Moskva burada istədiyi kimi hərəkət edə bilmir. Ona görə də Kreml “stavkanı” Ermənistana edib. Son gəlişmələr də göstərir ki, Rusiya tam gücü ilə Ermənistandan yapışıb və axıra qədər də ondan istifadə etmək fikrindədir. Bütün bunlara baxmayaraq, bölgəmizdə Qərbin, NATO-nun da fəallaşdığını müşahidə edirik. Bu fəallaşma da balans yaratmaq, bütövlükdə Cənubi Qafqazı Rusiyanın öhdəsinə buraxmamaq kimi dəyərləndirilə bilər.

Lakin düşünmürəm ki, bölgəmizlə bağlı məsələdə Qərb Rusiyaya nisbətən daha tədbirli olsun. Düzdür, Gürcüstan NATO-ya, Qərbə inteqrasiyaya daha çox can atır. Buna baxmayaraq, Rusiya faktoru Tiflisin başına fərqli oyunlar gətirməkdə davam edir. Azərbaycan da Qərbə inteqrasiya yolunu tutub. Amma Bakı Tiflisdən fərqli olaraq, aqressiv hərəkətlərə yol vermir, bölgədəki hakim güc olan Moskvanı əsəbiləşdirmədən Qərbə inteqrasiya yolunu tutub. Yəni ən ağıllı addımı əslində, Azərbaycan atır. Ermənistan isə bölgədə birmənalı olaraq Kremlin forpostudur. Ermənistanın ümumiyyətlə, alternativi də yoxdur, Moskvanın əli altında qalmağa məcburdur. Təbii ki, Qafqazla bağlı olaraq, Rusiyanın müdafiə naziri Şoyqu da daxil olmaqla rəsmi dairələri müəyyən planlar üzərində işləyir, müəyyən fikirlər səsləndirməklə ictimai rəyə təsir göstərmək istəyirlər. Amma bütün bunların işığında fikrimcə, Azərbaycan öz müstəqil siyasətindən imtina etməyəcək, bunu etməsi də mümkün deyil. Qafqazda normal münasibətlər yaratmaq üçün Rusiyanın daha çox Azərbaycandan istifadə etməyi yaxşı olardı. Bunun üçün Rusiyanın Dağlıq Qarabağ probleminin həllində normal rol oynamasına ehtiyac var. Təəssüflər olsun ki, indiyə qədər bunu müşahidə edə bilməmişik”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

1045
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv