Qafqazda tarixi dönüş: Bakı və İrəvan Moskvanın oyununu POZUR
“Sülh sazişini yalnız Rusiya və onun əlaltıları istəməyə bilər”.
Bu sözləri Azərbaycanla Ermənistan arasında Vaşinqtonda niyyət protokolunun imzalanma ehtimalı və Rusiyanın bundan sonra ata biləcəyi addımları Yenicag.az-a müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli bildirib ki, Rusiyanın nə edəcəyindən asılı olmayaraq Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalanmalıdır:
“Rusiya milli təhlükəsizliyimizə təhdid mənbəyidir. Rusiya işğalçı, Azərbaycanda sabitliyi pozmağa hesablanmış təxribat törətmək istəyən bir dövlətdir. Rusiya rus dilinin siyasiləşdirilməsi və onun bizim dilin üzərində hegemonluğunu təmin etmək üçün siyasi konsepsiyaya malikdir. Rusiya iqtisadiyyatı qeyri-şəffafdır, texnologiya və innovasiyalarda Türkiyə və Qərbdən geridir. ABŞ-dən isə çox geri qalır.
Azərbaycanın uzun zaman apardığı balanslı siyasəti artıq Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Rusiya Qafqazda varlığını qorumaq üçün Ermənistana forpost olaraq baxır. Rusiya Qarabağ probleminin həll olunmasını həzm etmir. Bunun üçün də müxtəlif təxribatlar hazırlayır.
Qərb dünyasında Azərbaycanın milli maraqlarına ikili standartla baxışların olmasına baxmayaraq, o cəmiyyətlər sivildir, seçkilidir, bizə belə model gələcəkdə lazımdır. Demokratiya və iqtisadiyyatın inkişafı ilə bağlı məsələlərdə ABŞ öyrənilməlidir. ABŞ cazibə qüvvəsidir. ABŞ-də Azərbaycanla Ermənistan arasında niyyət protokolu imzalansa, Rusiya aqressivləşməsini göz önünə alsaq, heç bir nəticə əldə etmək olmaz. Azərbaycana Türkiyə və onun müttəfiqlərinin dəstəyini qazanmaq sərf edir, yoxsa statik vəziyyəti qorumaq? Hesab edirəm ki, Azərbaycan birinci variantı seçməlidir. Azərbaycan keçid mərhələsindədir. Azərbaycan siyasi orientasiyanı özü müəyyən edir. Azərbaycan Rusiya orientasiyalı dövlət deyil. Azərbaycan Rusiyanın təsir dairəsində olmağa layiq dövlət də deyil.
Azərbaycanla Ermənistan niyyət protokolu imzalayacaqsa, bu yalnız alqışlanacaq. Buna Rusiya aqressivləşəcəksə, dünəndən aqressivləşsin. Çox istəyirəm ki, sülh sazişi də qısa zamanda imzalansın. Sülh sazişi digər münaqişələr üçün də nümunə ola bilər. Sülh sazişini yalnız Rusiya və onun əlaltıları istəməyə bilər”.
Səxavət Məmməd