Cəmi 49 il ömür sürdü… Amma bu qısa ömründə o qədər çox işlər gördü ki…Hərdən düşünürəm, bu qədər obrazları bu qısa ömrünə necə sığışdıra bildi…
Teatr və kino sənətinin ustadlarından olan məşhur aktyor Hamlet Xanızadəni deyirəm. Dəhşətli 20 yanvar faciəsindən sarsılaraq, törədilən qətliama dözməyərək ürəyi partlayan aktyor cəmi 13 gün həyatda qala bildi. Vətən, millət sevgisi ilə alışıb-yanan və onların dərdinə tab gətirməyən sənətkar bu dünyanı həmişəlik tərk edərək, şəhid kimi son mənzilə yola salındı.
Bu gün vəfatından 35 il ötür.
Amma 35 ildir ki, sevənlərinin, tamaşaçılarının yaddaşında yaşayır. Yaratdığı müxtəlif obrazlarla adını kino tariximizə əbədi həkk etdirib Hamlet Xanızadə. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Şəhərin yay günləri”, “Qızıl uçurum”, “Babək”, “Bir cənub şəhərində”, “İnsan məskən salır”, “İstintaq davam edir”, “Qatarda”, “Qatır Məmməd”, “Qəm pəncərəsi”, “Qərib cinlər diyarında”, “Möcüzələr adası”, “Nizami”, “Topal Teymur”, “Yaramaz”, “Yol əhvalatı”… və nəhayət, “Qətl günü” filmlərində yaratdığı obrazlara öz möhürünü vurub aktyor.
“Qətl günü” filmindəki Sədi Əfəndi onun yaratdığı son obraz oldu. Qəfil gələn ölüm ona yaratdığı obrazın tamaşaçılar tərəfindən necə qarşılandığını görmək nəsib olmadı. Amma ruhən arxayın idi. Bilirdi, arxayın idi ki, sadiq tamaşaçısı onun Sədi Əfəndisini də sevəcək. Elə sevdi də…
Bütün rolları ilə sevənlərinin yaddaşına əbədi köç edən Hamlet Xanızadəni sevməmək mümkünsüzdür. Elə buna görə də onun ömrü 49 yaşla məhdudlaşmadı. Bu gün də yaşayır, yaradıcılıq ömrü ilə ömrünə ömür calanan Hamlet Xanızadə…
Cəvahir
www.yenicag.az