Qar niyə Bakıdan iraq düşüb? – Paytaxtın acı gerçəkləri…
Ankaraya öylə yaraşırdı ki qar…
Asfaltlar işıldayardı,
buz tutardı rəsmi yalanlar.
Bu misraları yazan Turgut Uyar idi.
Ankaranı tanıyaraq yazmışdı.
Dövlətli, ciddi, qalstuklu bir şəhərə qarın necə də uyğun düşdüyünü bilirdi.
Qar orada örtürdü, gizlədirdi, amma eyni zamanda ifşa edirdi də.
Soyuq bir estetika vardı bu işdə.
Və sonra insan istər-istəməz Bakını düşünür.
Bu qış da Bakıya qar yağmadı.
Daha doğrusu, yağmaq istəmədi.
Ətraf rayonlara yağdı,
dağlara, meşələrə, sükuta yaraşan yerlərə.
Sinoptiklər hər nə qədər “qar yağacaq” desələr də, yerdə qar görmədik…
Çünki qar da Bakını tanıyır.
Burada qar yağanda asfalt işıldamaz,
yollar tutulur.
Rəsmi yalanlar buz tutmur,
şəhərin özü donur.
Eldar Əzizov icra başçılarından birinə töhmət verib, digərinə xəbərdarlıq edib, gözə kül üfürər, ancaq rəsmi yalanlar buz tutmaz.
İşıqlar sönər,
sular kəsilər,
təkərlər sürüşər,
“Qışa hazırıq” sözləri əriyib gedər.
Bəlkə də ona görə qar Bakıya yaraşmır.
Və bəlkə də buna görə
qar Bakıya gəlmir.
Qar romantik olmaq istəyir,
amma Bakı onu fövqəladə hala çevirir.
Qar da bunu anlayır.
Bizdən daha tez anlayır.
Ona görə də insaflı davranır,
Bakını kənardan dolanır.
Ankaraya yaraşan qar,
Bakını sınağa çəkir.
Və görünən odur ki, qar bu il də
Bakını sınaqdan keçirməməyə qərar verib.
İsmayıl Yusifoğlu













