Qarabağın iki icması arasında təmasın faydası varmı? – Şərhlər
Elman Nəsirov: “Hesab etmirəm ki, indiki halda Qarabağın erməni və azərbaycanlı icmalarının danışıqları münaqişənin həllinə gətirib çıxara biləcək”
Elxan Şahinoğlu: “Bununla beynəlxalq aləmə iki icma arasında təmaslardan qaçmadığımızı göstəririk”
Bu günlərdə Dağlıq Qarabağın Azərbaycan icması üçüncü dövlətin iştirakı ilə qondarma DQR rəhbərliyi ilə təmaslara hazır olduğunu bəyan edib. Görəsən, belə bir təmasa can atmağın hansısa faydası ola bilərmi?
Yenicag.az saytına verdiyi açıqlamada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov qeyd etdi ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında danışıqların indiki halda münaqişənin həllinə hansısa fayda verəcəyini düşünmür: “Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ən yüksək səviyyədə həll oluna bilər. Yəni Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupu vasitəsilə apardığı səyləri nəticəsində siyasi qərar əldə edilərsə, bu halda münaqişənin həllinə nail olmaq mümkündür. Təəssüf ki, bu format da hələ ki, heç bir nəticə verməyib. Baxmayaraq ki, müəyyən taktiki uğurlardan söhbət getsə də, onun detalları da bəlli deyil. Lakin prinsip etibarı ilə yüksək səviyyəli görüşlər heç bir real nəticəyə gətirib çıxarmayıb. Belə olan vəziyyətdə bir çox hallarda əlavə variantlardan istifadə edilməsi məsələsi aktuallaşır. Hətta xalq diplomatiyası haqqında da fikirlər söylənilir. Bəzən ona da cəhdlər olub, lakin o da real nəticə verməyib. Proses ölü nöqtədən hərəkətə gəlməyib. Bu halda Dağlıq Qarabağdakı erməni və azərbaycan icmasının iştirakı ilə təmasların olması da ara-sıra gündəmə gətirilən məsələlərdəndir. Belə fikirlər var ki, heç bir halda qondarma DQR danışıqların tərəfi ola bilməz, münaqişə Ermənistan Azərbaycan münaqişəsidir. Söhbət Dağlıq Qarabağın erməni icmasının bu prosesdə iştirakından gedirsə, belə olan halda iki icma arasında danışıqlar ola bilər və bu zaman üşüncü tərəfin vasitəçiliyinə ehtiyac yaranar. Tərəflər arasında danışıqlar müsbət nəticə verərsə, müəyyən məqamda üçüncü tərəfin vasitəçiliyinə də ehtiyac yaranmaya bilər. Bu halda hər iki icma üçüncü tərəf olmadan da danışıqlar apara bilər və belədə daha böyük prosesə təkan verər, əlavə yardımçı funksiyasını yerinə yetirmiş olarlar. Həlledici sözü isə Minsk qrupu vasitəsilə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarla etmək mümkündür. Heç bir halda hesab etməmişəm ki, xalq diplomatiyası, indiki halda Qarabağın erməni və azərbaycanlı icmalarının danışıqları münaqişənin həllinə gətirib çıxara biləcək. Çünki, münaqişə tərəfi Qarabağın erməni icması deyil. Azərbaycan icması, Azərbaycan vətəndaşları olan, amma separatizmə təhrik edilmiş Dağlıq Qarabağın erməni icması nümayəndələri ilə müəyyən müzakirələr apara bilərlər”.
Politoloq Elxan Şahinoğlu isə Yenicag.az-a açıqlamasında Dağlıq Qarabağın icmalararası danışıqlarında müəyyən fayda gördüyünü bildirdi: “Bunda fayda görürəm. Bir zaman xaricdə deyirdilər ki, ölkəmiz Dağlıq Qarabağdakı erməni icması ilə danışıqlardan qaçırıq. Amma bu belə deyil. Sadəcə olaraq, qey edirik ki, torpaqlarımızı Ermənistan işğal edib, rəsmi səviyyədə danışıqlar da onunla aparılmalıdır. Dağlıq Qarabağda iki, azərbaycanlı və erməni icması var. Onlar da üşüncü ölkələrdən birində görüşüb fakir mübadiləsi apara bilər. Təəssüf ki, Azərbaycan bununla bağlı dəfələrlə müraciət ünvanlasa da, ermənilər buna getmir. Halbuki əvvəllər iddia edirdilər ki, guya Azərbaycan tərəfi təmaslardan qaçır. Amma fakt ortadadır, təmasa gəlməyən ermənilərdir. Çünki, bununla istəmirlər ki, dünya Qarabağda iki icma olduğunu bilsin. Belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağ əhalisi ancaq ermənilərdən ibarətdir. Azərbaycan icması ilə danışıqlara getmək isə onlara görə burada iki icmanın olduğunun etirafı olacaq. Ona görə də ermənilər belə təmaslardan qaçır. Biz isə hər dəfə bu təklifi təkrarlamalıyıq ki, beynəlxalq aləm Qarabağın azərbaycan icmasının ermənilərlə təmasdan qaçmadığını görsün”.
Rüfət