Azərbaycan ordusu 30 il davam edən işğalı 44 günə zəfərlə bitirdi. Bu hər birimiz üçün çox sevindirici haldır. Azərbaycan Respublikasının Prezidendi İlham Əliyev və müzəffər ordumuz şanlı tarix yazdı.
Bu qələbə münasibətilə xalqımızı təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu zəfərin əsas səbəbi xalqın və hakimiyyətin yumruq kimi birləşməsi oldu. Kimliyindən asılı olmayaraq bütün Azərbaycan bir ürək oldu. Azərbaycan xalqı bir daha dünyaya necə qüdrətli və qürurlu xalq olduğunu bəyan etdi. Hər birimizin dilində ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsi əzbər oldu. Qalib xalqın nümayəndəsi olmaq gözəl hissdir. Hər kəs ordumuzun və xalqımızın gücünü gördü. Bu qələbə bizim igid Azərbaycan oğullarının öz canı, qanı bahasına əldə olundu. Yüksək hazırlıqlı, savadlı, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, torpaqlarımızı qarış–qarış düşməndən azad etdi və qalib gəldi.
Vətən müharibəsinin ən böyük və qürurverici mübarizəsi Şuşa uğrunda gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin relyefə malik ərazilərdə, yaralı və şəhid olmuş yoldaşlarını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə üz-üzə vuruşdu və qalib gəldi. Bu bütün dünya mətbuatında müzakirə mövzusu, qəhrəmanlıq səlnaməsi oldu. Bəli, Azərbaycan əsgəri qəhrəmandır, igiddir. Bu gün başımız dikdir, alnımız açıqdır. Xalqımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırımının qisası alındı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəklik işğaldan azad edildi. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı, istifadə etdiyi hərbi texnika dünya ölkələrinin marağına səbəb oldu. Bütün bunların məntiqi nəticəsi Ermənistanı təslim olmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Birincisi, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Bu, o deməkdir ki, ərazi baxımdan böyük rayonlarımız da qan tökülmədən, itki verilmədən işğaldan azad olunur. Prezident İlham Əliyev həmişə deyir, biz elə edirik ki, minimum itki və maksimum nəticə olsun. Ancaq bu müharibədir, əfsuslar ki, itkisiz olmur. Bu bəyanat imkan verir ki, hərbi əməliyyatlar keçirilmədən torpaqlarımız işğalçıların azad edilsin. Digər məsələ Rusiya ilə bərabər Türkiyənin də bu prosesdə iştirakıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasına mane olacaq. Bəyanatda, həmçinin mühüm məsələdən biri də Naxçıvan Muxtar Respublikasının blokadadan azad olunmasıdır. Bu, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda təhlükəsizliyin təmin edilməsinə nail oldu. Dövlətimizin başçısı həm regionda, həm də dünyada terrora, işğala qarşı mübarizə aparan nüfuzlu dövlət xadimidir. Xalqımızın qəlbindəki Qarabağ yarasını sağaltdı. Biz bir daha sübut etdik ki, qədim tarixi ənənəyə malik, torpağına və Vətəninə bağlı, öz torpaqlarının hər qarışı uğrunda şəhid olmağa hazır olan millətik. Xalqımızın birliyi sarsılmazdır. Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Vətənimizi mənfur düşməndən azad edə bildik.
İndi bizim üzərimizə düşən vəzifə bu ruh yüksəkliyi ilə ölkəmizin daha da möhkəmlənməsinə öz töhfəmizi verməkdir. Həm döyüş meydanında, həm diplomatiyada qələbəmiz yüksək vətənpərvərlik və savadın nəticəsi idi. Bu iki amili qorusaq və inkişaf etdirsək, Azərbaycan hər zaman qalib olacaq. Qələbən mübarək, Azərbaycan!
Ceyran Cabbarova
www.yenicag.az