“Qərb Türkiyəni itirdi”
Natiq Miri: “Avropa Parlamentinin bu qərarı sülhə və bütün dini sektaların maraqlarına xidmət edəcək qərar olmadı, əksinə, yeni bir qarşıdurma yaratdı”
Xəbər verildiyi kimi Avropa Parlamenti də Roma Papasının ardınca gedərək qondarma erməni soyqırımını dəstəkləyən və Türkiyəni bu iddiaları qəbul etməyə çağıran qətnamə qəbul edib. Görəsən, sözügedən qurum niyə bu addımı atılıb? ABŞ-da da anoloji hərəkətlərin atılacağını gözləmək olarmı?
Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Avropa Parlamentinin bu addımı Türkiyə və İslam dünyasına qarşı yeni bir xaç yürüşünün başlanğıcıdır: “Avropa Parlamentinin qondarma erməni soyqırımını tanımaqla bağlı verdiyi qətnaməni siyasi baxımdan qiymətləndirməkdən öncə Vatikanda Roma Papasının məsələyə soyqırım olaraq münasibətini dəyərləndirmək lazımdır. Avropa Parlamentinin həmin qərarı siyasi qərar olaraq son nəticədir. Prosesin əsası isə xristianların mənəvi atası Roma Papasından başlandı. Papanın dəyərləndirdiyi bu hadisə bilavasitə dinlə heç bir əlaqəsi olmayan məsələdir. Bu məsələyə siyasi don geyindirilməsi dini rəhbərə heç də yaraşmır. Düşünürəm ki, proses Vatikandan başlayıbsa, Türkiyə və İslam dünyasına qarşı müasir formada yeni bir xaç yürüşünün başlanmasının təzahürüdür. Bu da xristian və Qərb dünyası adına çox acınacaqlı bir tendensiyanın başlandığını göstərir. Çünki Avropa Parlamentinin qondarma soyqırımla bağlı konkret siyasi qərarı var. Yenidən bu məsələni müzakirə edib onun genosid olaraq adlandırılması heç bir əsasa dayanmadı. Həmin qətnamədə hansı əsasa dayanaraq hadisənin genosid adlandırılması açıqlanmır. Bu da göstərir ki, heç bir hüquqi əsasa dayanmadan, ciddi araşdırma aparmadan verilən siyasi qərar Vatikandan başlanan prosesin siyasi nəticəsidir. Bu qlobal güclərin ortaya qoyduğu, Tütkiyə və İslam dünyasına qarşı düşünülmüş bir siyasi jestdir. Türkiyənin son illər müstəqil siyasət yürütməsi bir çox dünya güclərini ciddi narahat edib. Onu da deyim ki, bu addımı ilə Avropa Birliyi nəsə qazana bilməyib. Tərəzinin gözünə fikir versəniz, görərsiniz ki, bununla Qərb müsəlman dünyasının ən güclü ölkəsi Türkiyəni itirdi. Bu gün Avropa Birliyinin enerji və təhlükəsizlik məsələsində Türkiyə həlledici əhəmiyyətə malik idi. Ancaq tərəzinin bir gözündə heç bir əhəmiyyəti olmayan, yalnız geosiyasi alət olaraq istifadə olunan Ermənistana üstünlük verilməsi təkcə xristiam faktoruna üstünlük verilən məsələ deyil, əksinə bu Türkiyəni dayandırmaq üçün atılan addımdır. Bununla Qərb dünyası Türkiyəni daha çox dərəcədə şərqə və Rusiya istiqamətinə itələdi. Son zamanlar üfiqdə Türkiyə Rusiya yaxınlaşması var. Belə addımla Qərb sanki Rusiyaya yeni bir nəfəslik verdi. Türkiyə dini rəhbəri Ayasofiyanın ibadətə açıq olması ilə bağlı açıqlama verdi. Bu da tam normaldırş Çünki xristian dünyasının dini lideri siyasi jest və müsəlman dünyasına qarşı dolayı yolla yeni bir xaç yürüşünü edln edirsə, təbii ki, buna adekvat addımlar atılmalı idi. Ona görə də xristian dünyasının dini mərkəzi olan Ayasofiyanı yenidən müsəlmanlar üçün ibadətə açmaq məntiqli olardı. Yəni Avropa Parlamenti bütün siyasi faktorları nəzərə almadan, özlərinin korporativ, dini, maliiyə maraqlarını ehtiva edən siyasi qərarlar çıxarırsa, onun da nüfuzu Avropa Şurası kimi azalacaq. Bu səbəbdən hesab edirəm ki, Avropa Parlamentinin bu qərarı çox biabırçı, müsəlman dünyasına yeni bir savaşın açılması kimi dəyərləndirilən qərar oldu. Bu da sülhə və bütün dini sektaların maraqlarına xidmət edəcək qərar olmadı. Əksinə, yeni bir qarşıdurmanı yaratdı”.
Bununla belə ekspert düşünmür ki, yaxın zamanlarda anoloji layihə ABŞ Konqresində qəbul edilsin: “Bunu düşünmürəm. ABŞ bu cür ilanları adətən seyid əhməd əli ilə tutur. Ona görə inanmıram ki, ABŞ Türliyə əleyhinə yönələcək bu kimi yanlış addımlar atsın”.
Elçin