!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycana “Böyük Qayıdış”: “Ermənistanın da bu reallığı qəbul etməkdən başqa çıxış yolu yoxdur”

!Reklam – Yazi

“Böyük Qayıdış” termini Azərbaycan xalqının Qarabağ və ətraf rayonlarına dönüşünü simvollaşdıran bir ifadədir.

2020-ci ildəki Vətən müharibəsindən sonra Azərbaycan dövləti və xalqı əzəli torpaqlarına geri qayıdaraq, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verdi. Bu, yalnız fiziki qayıdış deyil, həm də mədəni, sosial və mənəvi bir bərpa prosesidir. Azərbaycan tərkedilmiş kəndləri, şəhərləri yenidən quraraq, insanların öz dədə-baba yurdlarına qayıdışı təmin edir, tarixi və mədəni irsi qoruyur.

“Böyük Qayıdış” həmçinin regional sabitlik və inkişaf üçün mühüm addım olaraq, Azərbaycan xalqının birlik və iradəsinin təcəssümüdür. Bu, Qarabağda həmrəyliyin, bərabərliyin və əmin-amanlığın təmin edilməsi istiqamətində atılan mühüm addımdır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Böyük Qayıdış” Dövlət Proqramı qəbul edilib:

“Bu proqram çərçivəsində görülən işlər çox yüksək şəkildə həyata keçirilir. Ən başlıca məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışının təmin olunmasıdır. Artıq Laçında, Şuşada, Xankəndində və işğaldan azad olunan bir çox rayonlarımızda Vətən həsrəti sonlanan azərbaycanlılar yaşayır. Eyni zamanda, həmin ərazilərdə iqtisadi inkişafın təmin olunması, böyük layihələrin həyata keçirilməsi “Böyük Qayıdış”ın bariz nümunələridir. Qarabağın, eləcə də Şərqi Zəngəzurun çox böyük iqtisadi potensialı var. Kənd təsərrüfatı, turizm, əkinə yararlı torpaq sahələri, yaşıl enerji resursları, hidroenerji potensialı eləcə də iqtisadiyyatın bütün sahələri baxımından bu ərazilərin əhəmiyyəti böyükdür. Bu iqtisadi potensialdan istifadə olunması və daimi iş yerlərinin açılması istiqamətdə çox böyük işlər görülür”.

“Həmçinin öz yurdlarından didərgin salınan, zorla çıxarılan Qərbi Azərbaycana da bir gün qayıdacağıq. Ermənistan adlı ərazi tarixi Azərbaycan torpaqlarıdır. Qərbi Azərbaycan İcması bu istiqamətdə fəaliyyət göstərir. Bu fəaliyyət yüksək qiymətləndirilməlidir. Bizim beynəlxalq hüququn prinsipləri çərçivəsində soydaşlarımız öz ata-baba yurduna, Qərbi Azərbaycana qayıdacaq və orada fəaliyyət göstərəcək. Bu, bizim hüququmuzdur, haqqımızdır”, – deyə deputat bildirib.

Siyasi şərhçi Rəfail Becanov isə qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri çox böyük sürətlə davam edir:

“Bu gün o ərazilərdə 30 minə yaxın insan var. Yəni insanların orada yaşaması, işləməsi üçün bütün infrastruktur mövcuddur və hər bir imkan yaradılıb. Nəinki o regionlardan olanlar, istənilən şəxs, arzusunda olan hər bir adam rahat şəkildə azad edilmiş ərazilərimizə gedib-gələ bilir. Düzdür, indiyə qədər daha çox əhali həmin ərazilərdə məskunlaşa bilərdi, lakin buna mane olan ən böyük amil minalanmış ərazilərdir. Ermənistan indiyə qədər minalanmış ərazilərlə bağlı xəritələri təqdim etmir. Bütün çətinliklərə baxmayaraq Azərbaycan məqsədyönlü və genişmiqyaslı layihələr əsasında Qarabağ və Şərqi Zəngəzurun inkişaf etmiş regiona çevrilməsi istiqamətində böyük işlər görür. Əhalinin dayanıqlı məskunlaşması prosesini geniş vüsətlə davam etdirir”.

Analitikə görə, ümumiyyətlə, “Böyük Qayıdış” Azərbaycanın əsas prioritetlərindən biridir:

“Bu proses 2030-cu ilədək beş milli prioritetlərimizdən biridir. Azad edilmiş bütün ərazilərdə müasir şəhərlər, qəsəbələr inşa olunur, yeni iş yerləri açılır, məktəblər, səhiyyə müəssisələri tikilib istifadəyə verilir. “Böyük Qayıdış”la Qarabağda, Şərqi Zıngəzurda həyat canlanıb. Bu gün həmin ərazilərdə müasir şəhərsalma standartları tətbiq olunur ki, bütün dünya ən müasir memarlıq nümunlərinin şahidi olur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları gələcəkdə ölkənin ən inkişaf etmiş və müasir standartlalara cavab verən regionları olacaq. Ölkə iqtisadiyyatının inkişafında mühüm pay sahibinə çevriləcək. Turizmin, kənd təsərrüfatının, nəqliyyat-kommunikasiyanın inkişafına öz töhfəsini verəcək”.

“Təbii ki, biz necə Qarabağa və işğal olunan digər ərazilərə qayıtdıqsa, eləcə də Qərbi Azərbaycana qayıdacağımıza inanırıq. Biz Qərbi Azərbaycana qayıdandan sonra 300 min soydaşımızın pozulmuş hüququ bərpa olunacaq. Qərbi Azərbaycan İcmasının bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır. Artıq bunun de-yure əsası qoyulub. Dünyanın da, Ermənistanın da bu reallığı qəbul etməkdən başqa çıxış yolu yoxdur. Necə olur ki, könüllü şəkildə Qarabağı tərk edən ermənilərlə bağlı hay-küy salanlar tarixi torpaqlarından zorla qovulmuş, yurdu düşmən tərəfindən yağmalanmış soydaşlarımızın haqq səsini eşitməsin? Gec-tez buna da nail olacağımızdan əminik. Azərbaycan qüdrətli və güclü dövlətdir. Ermənistan sülh yolu ilə bizimlə yaratdığı problemləri həll etməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.

COP29

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv