Yaxın Şərqdə baş verən proseslər bütün dünyanın gündəmindədir. Yeni Şafak yazarı İbrahim Karagül, Qətər böhranının arxasında əslində, hansı amillərin dayandığını ərtaflı şəkildə şərh edib. Yenicag.az həmin analizi təqdim edir:
“Yaxın Şərqdə hesablar bir gecədə sıfırlanır, cəbhələr hər gün dəyişir. Dostluqlar da, düşmənçilik də daimi deyil. Xəyanətlərin, əclaflığın sərhəddi yoxdur. Davam edən tək şey qəyyumluq, köləlikdir. Təlimatla, buyruqla, əmrlə ölkələr nizama salınır, cəbhəyə göndərilir. Bu cəbhə bəzən qapıbir qonşumuz olur, bəzən də elə öz vətənimiz.
İslamla, müsəlmanlarla döyüşməyi belə sizə “Müsəlmanlıq uğruna müharibə” olaraq diktə edirlər. Siyasi iqtidarda qalmaq naminə neft verilir, qaz verilir, ölkələrin zənginlikləri peşkəş edilir. “Bizim sayəmizdə varlığınızı davam etdirirsiniz” deyənlərə hər il xəraclar paylanılır. Bu coğrafiyanın namusu, qüruru ayaqlar altına atılır.
Dəyişməyən tək şey işğaldır, alçaqlıqdır!
Bu coğrafiyanı Amerika, İngiltərə idarə edir. Qərarı onlar verir, səlahiyyət onlardadır. İdarə edənlərin çoxu təyin edilibdir. Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq dediyimiz region işğal altındadır. Ölkələr bir-birinə qarşı qızışdırılır, parçalanır, cəmiyyətdə separatçılıq toxumları əkilir, bütün milli kimliklər münaqişələrdə istifadə edilir.
Dəyişməyən tək bir şey var: İraq, Suriya, Liviya, Yəmən kimi ölkələrin dağıdılması, parçalanması. Soyuq müharibə sona çatandan bəri oynanılan teatr budur. Addım-addım sistematik şəkildə ölkələrin sabitliyi pozulur, bəziləri işğal edilir, bəzilərində vətəndaş müharibəsi yaradılır, bəzilərisə işğal ordularının əsas gücü olan terror təşkilatları tərəfindən yaşanılması mümkün olmayan vəziyyətə gətirilmişdir.
Qətər böhranı, İran- Səudiyyə Ərəbistanı müharibəsinin ayaq səsləridir
Növbədə bütün ölkələr var: Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya, Şimali Afrika. Bu coğrafiyaya qarşı qlobal işğalı planlaşdıranların dəftərində hər ölkə üçün bir plan var. Kim ABŞ-ın dostudur, ya düşmənidir fərqi yoxdur, hamısı üçün tədbirlər planı mövcuddur. ABŞ-ın müttəfiqi də, düşməni də itirir, daha heç nəyin fərqi olmayacaq…
Onlara görə, hər ölkə bir gün Suriya, Liviya, İraq kimi dağıdılacaq, parçalanacaq, bu coğrafiya şəhər dövlətlərinə çevriləcək.
Suriya məsələsi sona çatmadan Qətər böhranı başladıldı. ABŞ prezidenti Trampın ilk işi İran- Səudiyyə Ərəbistanı müharibəsi olacaq. Deməli, Trampın ilk səfərində təlimatlar verilib, cəbhə hazırlanıb ki, bir anda “ərəb xaini” elan edildi. Qurudan, dənizdən, havadan mühasirəyə alındı. Az qala işğal şəraiti yaradıldı.
Tehran hadisələri tamamilə kəşfiyyat əməliyyatıdır…
Hələ nəyin baş verdiyini anlamadan İŞİD Tehrana hücum etdi. İran xalqı üçün iki simvol hədəf seçilib: İran parlamenti və Xameyninin türbəsi. İran əleyhinə ola-ola heç vaxt İrana və İsrailə hücum etməyən, çox vaxt sünni qətliamları edən İŞİD birdən-birə Tehranda ardıcıl terror aktları həyata keçirtdi.
Tehranda baş verənlər tamamilə kəşfiyyat hücumudur. “Kimsə” Qətər böhranından sonra İran üçün hərəkətə gəlmiş, üstüörtülü əməliyyatlar həyata keçirtməyə başlamış, İranı ərəb dünyasına qarşı qızışmağa təhrik etmişdir. İŞİD-i kimin idarə etdiyi, terror təşkilatları vasitəsilə hansı ölkələrə kəşfiyyat əməliyyatları yeritdiyi Tehran hadisələri ilə tam şəkildə aydın olmuşdur.
Böyük müharibə üçün onlarla yeni təşkilat meydana çıxarılacaq
Biz buna yad deyilik. ABŞ-ın FETÖ , PKK vasitəsilə Türkiyəni necə vurduğunu bilirik. PYD-nin əli ilə Suriyada nələr etmək istədiyini də bilirik. İŞİD və PKK ilə Suriyanı parçalayanlar Ərəb-İran müharibəsi üçün yenə 10 dənə təşkilat meydana çıxarılacaq.
Qətər böhranı ilə Tehrandakı terror aktları eyni əlin məhsuludur. Eyni əməliyyatın parçalarıdır. Həm sünni ərəb dünyası, həm də şiə İran təhrik ediləcək, provakasiyaya məruz qalacaq, hər cür əməliyyat üçün hazır vəziyyətə gətiriləcək, məqsədləri budur. Elə bir vəziyyət yaradılacaq ki, onların seçdiyi, müəyyən etdiyi doğru-yanlış kriteriyalarına təslim olanlardan başqa heç kimin bir variantı qalmayacaq. Bunu həmişə bu şəkildə həyata keçirtdilər. Onların doğru-yanlışlarına görə mövqe müəyyənləşdirmək, tərəf tutmaq məcburiyyətində qaldıq həmişə.
Əslində, bunlar böyük məzhəb müharibəsi üçündür!
ABŞ, İran-a qarşı əməliyyatın ilk addımını atdı; Səudiyyə Ərəbistanı liderliyində, Misiri də öz içinə qatan sünni ərəb cəbhəsini İranla döyüşməyə razılaşdırdı. Deməli, Qətər bu müharibəylə razılaşmadığından cəbhədən atılıb. Bu günə qədər İranın şiəliyi yaymasına qarşı hücumları, ərköyünlükləri, təhrikləri bütün coğrafiyada böyük reaksiyaya səbəb oldu. İndi eyni reaksiyalar Səudiyyə Ərəbistana da istiqamətlənir.
Bu dəfə təzyiq İrandan deyil, Səudiyyə Ərəbistanı cəbhəsindən gəlir. İranla döyüşmək üçün can atırlar. ABŞ onlara nə vəd etdi bilmirik, ancaq belə bir savaş tam mənada regional müharibə olacaq. Heç bir dövlət bu müharibədən kənarda qalmayacaq, bəlkə də bu region bir də 50 il ayağa qalxa bilməyəcək.
Hamını özündən çıxaracaq hadisə terror aktları olacaq
Riyad cəbhəsi Qətəri işğal etdiyi an bu müharibə başlayacaq. O div boyda qaz zənginliyini heç kim heç kimə verməz. Ondan sonra isə başqa Körfəz ölkələrinin işğalları gündəmə gələcək. İran və İraqın Kuveyti işğal etməsi həmin vaxt qaçılmaz olacaq. Türkiyənin İran və Səudiyyə Ərəbistanı üzərində ciddi bir təzyiq yaratması lazımdır, əks halda bu proses regional qiyamətə çevriləcəkdir.
Birinci növbədə İran, Türkiyənin Suriyadakı təhlükəsizlik qayğılarına qarşı çıxmaqdan imtina etməli və Türkiyənin sülh yolu axtarışlarına imkan yaratmalıdır.
Yaxın müddətdə İranı, Səudiyyə Ərəbistanını və region ölkələrini özündən çıxaran terror hücumları başlayacaq. İctimai rəyi müharibəyə hazırlamaq üçün regional düşmənçiliklər fonunda “terror fırtınası” başlaya bilər. Hamının çox diqqətli olması lazımdır.
Səudiyyə Ərəbistanına tələ qurulub
Mənim fikrimcə, Səudiyyə Ərəbistanının İranı dayandırmaq üçüb ABŞ ilə birgə yaratdığı bu vəziyyətin tələ olduğunu düşünürəm, tələnin ən böyüyü Riyad hökumətinə qarşı hazırlanıb. Burada əsl məqsəd Səudiyyə Ərəbistanını parçalamaq, bir neçə dövlətə bölməkdir. Təbii ki, daha sonra İran və Türkiyə üçün də eyni planlar aktivləşdiriləcək. Ərəblər arasında daxili münaqişə, İslam dünyasında daxili savaş, nə deyirsiniz deyin, bunu Qərb regional müharibənin başlanğıcı olaraq planlaşdırır. Bu prosesin sonu Məkkə müharibələrinə qədər gedib çıxa bilər. Böyük plan budur.
Məkkə müharibələrinin hazırlıqları gedir
Bu təhlükəni çox müzakirə etdik, çox xəbərdarlıqlar bildirdik.
“Müsəlmanlar öz içində döyüşəcək” sözü, “Müharibə İslamın ürəyinə yerləşəcək” sözü bu böyük oyunun ayaq səsləri idi. “İki il içində Körfəz qarışacaq” demişdim, heç iki il keçmədi, Qətər böhranı ortaya çıxdı, Tramp bütün regionu təhlükəyə doğru itələməyə başladı.
“Suriya müharibəsinin bitdiyi anda, o uğursuzluqlar Bəsrə körfəzinə yönələcək, Körfəz ölkələri çox ciddi bir İran təhdidi ilə qarşı-qarşıya qalacaq. Bu, Səudiyyə Ərəbistanı və İran arasında müharibəyə gətirib çıxaracaq”- demişdim. Suriya müharibəsi sona çatmadan artıq proses başladı. Tehran Riyad hökuməti ilə hesablaşacaq, bəlkə də İran tankları Kəbənin qapılarına qədər gedib çıxacaq. Budur İslam müharibəsi dedikləri böyük fəlakət!
Tanklar Kəbəyə girmədən…
Son bir neçə ildir ki, bunun üçün üstüörtülü şəkildə hazırlıqlar edilib. Addım-addım bir fəlakətin yaxınlaşdığını görürük. Təcili müdaxilə edilməzsə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin də “suriyalaşacağını”, bütün müqəddəs torpaqların tapdaq altına alınacağını, Türkiyənin də bu fəlakətdən ağır yaralar alacağını düşünürəm. Tanklar Kəbəyə girmədən edə biləcəyimiz çox şey var. Əsas odur ki, işin vahiməsini dərk edək…
O tanklar ya İran tankları, ya da amerikan tankları olacaq. Kəbəni vuran raketlər ya İran raketləri olacaq, ya Husi, ya amerikan. İran-Səudiyyə Ərəbistanı müharibəsinin hazırlığını edənlər, Qətər fitilini yandıranlar, bütün bunları da düşünüblər.
Qorxuram ki, coğrafiyanı sıradan çıxartmaq üçün elə bu coğrafiyanın insanlarından da istifadə ediləcək.”
www.yenicag.az