Qeyri-neft sektorunun İNKİŞAFI: Kazino turizmi ölkəmizə NƏ VƏD VERİR?
“Azərbaycanda parlamentdə kazino oyunlarının keçirilməsi ilə bağlı qanun müzakirə edilir. Yəni, sadə dillə desək, kazino oyunlarının Azərbaycan ərazisində təşkil edilməsinin qanuniləşdirilməsi istiqamətində addımlar atılır. Xeyli müddətdir ki, bu barədə cəmiyyətdə bu və ya digər formada müzakirələr aparılır. Onu da diqqətinizə çatdırım ki, 90-cı illərdən bu günə qədər Azərbaycanda kazino oyunları qadağan edilmişdi”.
Bunu Yenicag.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri politoloq Xəyal Bəşirov deyib.
Xatırladaq ki, ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib.
Layihəyə əsasən, Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur. Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.
X. Bəşirov söyləyib ki, yeni müzakirələrlə bağlı verilən məlumatlara görə, kazino oyunlarının keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər olacaq:
“Qanunvericilikdə bu məhdudiyyətlər ilk növbədə Azərbaycanın əsas ərazisinə deyil, Xəzər dənizi ərazisində yaradılmış süni torpaqlarda – yəni süni adalarda tətbiq olunacaq. Bu kazino oyunları yalnız həmin ərazilərdə təşkil edilə bilər. Eyni zamanda kazino oyunlarının keçirilməsi üçün xüsusi icazə – lisenziya alınmalıdır. Verilən məlumatlara əsasən, bu xüsusi icazənin qiyməti 340.000 (üç yüz qırx min) manat təşkil edəcək. Bundan əlavə, 21 yaşından az olan şəxslərin kazino oyunlarında iştirakına icazə verilməyəcək. Kazino oyunlarının virtual qaydada – telefon və ya internet üzərindən keçirilməsi də mümkün olmayacaq”.
Onun sözlərinə görə, bu formada olan məhdudiyyətlərlə belə, Azərbaycanda kazino oyunlarının keçirilməsinin qanuniləşdirilməsi istiqamətində addımlar atılır:
“Uzun müddətdir ki, Azərbaycanda kazino oyunlarının keçirilməsi qadağan edilmişdi. Qeyd etdiyim kimi, bunun da müəyyən əsasları var idi. Artıq Azərbaycan qapalı ölkə deyil. Azərbaycan vətəndaşları istənilən vaxt dünyanın istənilən nöqtəsinə səyahət edə və kazino oyunlarında iştirak edə bilirlər. Maddi imkanları olan şəxslər onsuz da xarici ölkələrdə bu arzularını, yəni oyun həvəslərini reallaşdırırlar. Amma indi ölkəni tərk etmədən də bu imkanların yaradılması daha çox insanın kazino oyunlarında iştirakına yol aça bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, bu məhdudiyyətlər göstərir ki, ilkin mərhələdə bu oyunları təşkil etmək hər kəs üçün əlçatan olmayacaq. Çünki süni adaların yaradılması özü böyük maddi və texniki imkanlar tələb edir. Azərbaycanda süni adaların yaradılması ilə bağlı ayrıca qanun var və bu, kifayət qədər mürəkkəb və bahalı bir prosesdir. Hər kəs üçün əlçatan deyil”.
Müsahibimiz əmindir ki, eyni zamanda, hər il təzələnən xüsusi icazə və lisenziyaların alınması da ciddi maliyyə vəsaiti tələb edir:
“Həmçinin, təşkilatçılarla yanaşı, bu prosesdə iştirak edən şəxslərə də qanunla müəyyən məhdudiyyətlər qoyulacaq. Qeyd etdiyim kimi, bu məhdudiyyətlərə 21 yaş həddi və virtual iştirakın qadağan olunması daxildir. Amma bir məsələni də nəzərə almalıyıq ki, virtual qaydada bu gün dünyanın istənilən nöqtəsindən istənilən şəxs kazinolarda iştirak edə bilir. Azərbaycanda da istənilən şəxs virtual şəkildə bu oyunlara qoşula, pul qoyaraq iştirakçıya çevrilə bilər. Dövlət, görünür, bu proseslərə nəzarəti artırmaq və ölkə daxilində maddi resursların xaricə axınının qarşısını almaq məqsədilə bu addımı atır. Həm xaricə gedənlərin qarşısını almaq, həm də onlayn platformalarda sərf olunan vəsaitin ölkə daxilində saxlanması məqsədi güdülə bilər”.
“Amma hər halda, indiki mərhələdə bu məhdudiyyətlər qüvvədədir və bu, o demək deyil ki, gələcəkdə qanunvericilikdə dəyişiklik edilməyəcək. Hazırda bu qanun müzakirə olunur və görünən odur ki, qanunun qəbul edilməsi, eyni zamanda Xəzər dənizində süni adaların yaradılması ilə bağlı prosesə də start verilməsi yaxın zamanlarda bu kazino oyunlarının praktiki baxımdan təşkilinə başlanılacağından xəbər verir. Düşünürəm ki, bu gün artıq Azərbaycan da qloballaşan dünyanın bir hissəsi olaraq beynəlxalq aləmdə qəbul olunmuş bir reallığı tətbiq edir. Dünyanın müxtəlif ölkələrində bu tip oyunların keçirildiyini nəzərə alsaq, bu, Azərbaycan üçün bir yenilik hesab olunmaya bilər. Bu baxımdan, güman etmək olar ki, qanunda sadalanan məhdudiyyətlərlə yanaşı, əlavə tənzimləyici normalar da yer alacaq. Qanun qəbul olunduqdan sonra onun bütün müddəaları bəlli olacaq və o zaman daha dəqiq fikir bildirmək mümkün olacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov