!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qızı gözünün önündə qətlə yetirilən, son nəfəsini kirayə mənzildə verən XALQ ARTİSTİ - Cəvahir Nehru yazır

!Reklam – Yazi

Üzündən təbəssüm heç vaxt əskik olmasa da, həyat onun üzünə gülmədi. Taleyin qara zolaqlarında itib-batdı, nə vaxtsa ağ günə çıxacağı günün həsrəti ilə yaşadı. Bir ağrıdan qurtulmamış, digər ağrının acısını daddı… 20 yaşlı qızı gözü önündə kürəkəni tərəfindən qanına qəltan edildi. Daha sonra oğlu sağalmaz xəstəliyin qurbanı oldu…

Bu gün mərhum Xalq artisti, bənzərsiz aktrisa Nuriyyə Əhmədovanın xatirə günüdür. “Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında” və başqa neçə-neçə filmdə bir-birindən maraqlı və bənzəri olmayan obrazlara həyat verdi Nuriyyə Əhmədova.

Kənardan baxanlar ona “xalq artistidir, sevilən aktrisadır”, – deyib, bəxtəvərlik oxudu. Hə, sənətində bəxtəvər idi Nuriyyə xanım. Şəxsi həyatında isə ana bətnində yazılan ağrılı-aclı alın yazısı ilə aramsız mücadilə edirdi. Ömrünü kirayə evlərdə çürüdüb, maddi çətinliklərlə mübarizə apardı. Amma pəs etmədi, ağrısını-acısını oynadağı obrazları ilə ovutdu, çəkildiyi filmlərlə təsəlli tapdı.

Hətta ən ağır günlərində belə filmə çəkilməklə, dərddən yanan təşnə ürəyinə su səpməyə çalışdı. Qızı qətlə yetirilən günün səhəri Vaqif Mustafazadənin “Yerlə göy arasında” filminin çəkilişlərinə qatıldı. Buna görə hətta onu qınayanlar, “arsız” deyənlər də oldu. Axı onlar haradan biləydilər ki, bir aktrisanın dərdinə yalnız sənəti dərman ola bilər.

Nuriyyə xanımı həyatda yaşadan onun nəvəsi idi. Qızını torpağa tapşıran gündən nəvəsini yanında saxlayıb, onunla övladının yoxluğunu unutmağa çalışırdı. Nəvəsi ilə nəfəs alırdı Nuriyyə xanım. Elə son vəsiyyəti də nəvəsi ilə bağlı oldu. Son nəfəsində “məndən sonra nəvəmdən muğayət olun”, – demişdi.

Nuriyyə xanım sənət taleyində də haqq etdiyi zəhmətinin bəhrəsini görə bilməmişdi. Fəxri adı var idi, amma fəxri ad alan həmkarlarından fərqli olaraq, evsiz-eşiksiz yaşayırdı. Başını soxmağa bir koması belə yox idi. Hətta kirayə pulunu verə bilmədiyindən, bir gün bir rəfiqəsinin, digər gün isə qohumunun evində qalırdı.

Hər dəfə də onlara “özüm də bu halımdan utanıram, yerinizi dar etdiyim üçün xəcalət çəkirəm”, – deyərək, dil-ağız edirdi. Əslində, isə utanası adam o yox, kino və mədəniyyət sahələrinə rəhbərlik edən, məşhur aktrisanın taleyinə laqeyd qalan rəsmilər idi.

Bir dəfə də olsun, onun problemləri ilə maraqlanmadılar. Dərman almağa pul tapmayan aktrisanı maddi sıxıntılardan xilas etmədilər. Hansı ki, bu, onların birbaşa səlahiyyətində və imkanları daxilində olan məsələ idi.

Beləcə, maddi sıxıntılarla mübarizə apara-apara, çətinliklərdən bezə-bezə yaşadı Nuriyyə xanım. Günlərin bir günü vücudu bu ağrılara tab gətirməyən aktrisa səssiz-səmirsiz dünyaya əlvida dedi. Amma sənəti bu gün də yaşayır sevilən aktrisanın. Hər dəfə onun çəkildiyi filmləri ekrandan izləyəndə, müxtəlif obrazların qiyafəsində bizə baxıb gülümsəyir, “mən yaşayıram”, – deyir.

Allah rəhmət eləsin.

Cəvahir

COP29

www.yenicag.az

1134
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv