Qonşudakı müharibənin görünməyən tərəfi: İlham Əliyev savaşın ən böyük qazananı oldu – Aqil Ələsgər yazır

media-hightechnic-468x90

 

media-banner_tkm

ABŞ-İran və ABŞ-İsrail xəttində yaşanan gərginliklərin ardınca bölgədə atəşkəsin əldə olunması yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Görünən odur ki, tərəflər xüsusilə Pakistanın vasitəçiliyi ilə ortaq məxrəcə gəlməyə çalışır və ən azı ABŞ ilə İran bu qarşıdurmanın daha da dərinləşməsində maraqlı deyil. İsrail hər nə qədər daha sərt mövqe nümayiş etdirməyə cəhd etsə də, Vaşinqtonun əsas hədəfinin müharibəni dayandırmaq olduğu açıq şəkildə hiss olunur.

Bu fonda cəmiyyətdə ən çox müzakirə olunan sual isə budur: qalib kim oldu? Hər tərəf öz versiyasını irəli sürür. ABŞ bildirir ki, İranın nüvə proqramına ciddi zərbə vurulub və Tehran strateji planlarını yenidən nəzərdən keçirməyə məcbur qalıb. İran isə əksinə, Hörmüz boğazı üzərində nəzarəti qoruduğunu və geri çəkilmədiyini vurğulayaraq psixoloji üstünlüyün özündə qaldığını iddia edir.

Aqil Ələsgər
Aqil Ələsgər

Amma bütün bu mübahisələrin fonunda diqqətdən yayınmayan bir reallıq var: bu müharibənin səssiz, lakin mühüm qaliblərindən biri Azərbaycan və onun lideri İlham Əliyev oldu.

Diplomatiyanın gücü: Savaşa qoşulmadan mövqe nümayiş etdirmək

Azərbaycan bu qarşıdurmada birbaşa iştirak etmədi, öz ərazisindən üçüncü dövlətlərə qarşı hərbi əməliyyatlara icazə vermədi və regionda balanslı siyasətini qorudu. Lakin məhz bu neytral, eyni zamanda prinsipial mövqe ölkənin diplomatik çəkisini daha da artırdı.

Müharibənin ilk günlərində bir çox dövlət rəhbərləri ehtiyatlı davranarkən, İlham Əliyevin İran səfirliyinə gedərək Ayətullah Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı verməsi diqqət çəkən addım oldu. Bu, yalnız diplomatik jest deyildi. Bu, həm də regionda humanitar və siyasi məsuliyyət hissinin nümayişi idi. O addım göstərdi ki, Azərbaycan qonşuluq münasibətlərində emosional deyil, strateji və insani yanaşmanı əsas tutur.

Regiona və dünyaya açıq mesaj

Sonrakı mərhələdə Naxçıvan istiqamətində baş verən təxribat cəhdi isə Azərbaycanın mövqeyinin digər tərəfini ortaya qoydu. Prezident İlham Əliyev öz vətəndaşına və torpağına qarşı hər hansı hücuma dərhal və sərt reaksiya verdi. Bu, regiona açıq mesaj idi: Azərbaycan humanitar yardıma hazırdır, lakin təhlükəsizliyi və suverenliyi məsələsində kompromisə getmir.

 

Məhz bu balans siyasəti – bir tərəfdən humanitar yardım, digər tərəfdən prinsipial təhlükəsizlik mövqeyi – Azərbaycanın regiondakı nüfuzunu daha da gücləndirdi. Rəsmi Tehranın Azərbaycandan üzr istəməsi fonunda İlham Əliyevin İrana humanitar yardımın göstərilməsinə davam edilməsi tapşırığı verməsi, digər ölkələrin yardımlarının da Azərbaycan üzərindən çatdırılmasına şərait yaradılması Bakının humanitar mərkəz rolunu möhkəmləndirdi.

İran rəhbərliyinin Azərbaycan Prezidentinə təşəkkür etməsi və münasibətlərin normallaşması faktiki olaraq illərlə Qumdan idarə olunan anti-Azərbaycan təbliğatının təsirini zəiflətdi. Həm də bu yöndə barmağını belə tərpətmədən, elə Rəsmi Tehranın ard-arda yazdığı təşəkkürlərlə Azərbaycanla İranı üz-üzə qoymaq istəyən quyruğu qopmuş şirlərin ölkəmiz əleyhinə çıxışlarını susdurdu. Həm də Naxçıvana hücumdan sonra edilən sərt çıxışı bəhanə edib, sürü ilə Azərbaycanın üzərinə gəlmək istəyərkən…

Bu, diplomatiyanın bəzən hərbi gücdən daha effektiv nəticə verə biləcəyinin real nümunəsi kimi qiymətləndirilməlidir.

Səssiz qələbə: Regionda nüfuzun artması

Bu müharibənin sonunda heç bir tərəf tam qələbə qazandığını iddia edə bilməsə də, Azərbaycan üçün nəticə aydındır: ölkə regional güc kimi mövqeyini möhkəmləndirdi, diplomatik nüfuzunu artırdı və humanitar liderlik nümayiş etdirdi.

İlham Əliyevin siyasəti göstərdi ki, müasir dövrdə qələbə yalnız döyüş meydanında qazanılmır. Bəzən ən böyük qələbə savaşa girmədən, insanlara yardım etməklə və düzgün siyasi ünvan seçməklə əldə olunur.

Bu baxımdan, ABŞ-İran və İsrail-İran qarşıdurmasının nəticələri uzun müddət müzakirə olunacaq. Lakin artıq indidən demək olar ki, bu mürəkkəb geosiyasi sınaqda Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin balanslı siyasəti regionda səssiz, lakin təsirli qələbə nümunəsi kimi tarixə düşdü.

Prezident institutuna diqqət…

İlham Əliyevin İranla münasibətlərdə məhz prezident institutuna diqqət çəkməsi və rəsmi Tehran olaraq dialoqunu birbaşa prezident Məsud Pezeşkian ilə qurması son proseslərdə strateji baxımdan ən diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. Bu yanaşma təsadüfi deyil, düşünülmüş və hüquqi əsaslara söykənən dövlət siyasətidir.

Müharibə dövründə də, atəşkəs elan olunduqdan dərhal sonra da Azərbaycan prezidenti məhz Pezeşkianla birbaşa əlaqə saxladı, onu atəşkəs münasibətilə təbrik etdi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdi.  Eyni zamanda, İran tərəfi də Azərbaycanın göstərdiyi humanitar yardımlara görə təşəkkürünü məhz prezident səviyyəsində ifadə etdi və bu dialoqun davam etdirilməsinin vacibliyi vurğulandı.

Bu, əslində çox mühüm siyasi mesaj idi. Çünki İran kimi mürəkkəb siyasi sistemə malik bir ölkədə ünvanı düzgün seçmək diplomatiyanın əsas şərtlərindən biridir. İlham Əliyev bu prosesdə emosional ritorika ilə deyil, hüquqi və legitim institutla – prezident institutu ilə işləməyi seçdi. Bu seçim həm beynəlxalq hüquqa hörmətin, həm də dövlətlərarası münasibətlərdə sabitlik və məsuliyyət prinsipinin nümayişi kimi qəbul olundu.

Digər tərəfdən, Pezeşkianın hazırda İranın rəsmi seçilmiş prezidenti olması və 2024-cü ildən dövlət başçısı kimi fəaliyyət göstərməsi də bu dialoqun məhz onunla aparılmasını hüquqi baxımdan tam əsaslandırır.  Yəni Bakı faktiki güc mərkəzləri ilə deyil, legitim dövlət rəhbərliyi ilə işləməklə regionda hüquqi dövlətçilik modelini dəstəklədiyini göstərdi.

Bu səbəbdən də, İlham Əliyevin məhz Pezeşkianla dialoqu davam etdirməsi sadəcə diplomatik jest deyildi –  bu, açıq şəkildə strateji iradənin və siyasi uzaqgörənliyin nümayişi idi. Bu seçim bir daha göstərdi ki, Azərbaycan emosiyalarla yox, dövlət ağlı ilə hərəkət edir, münasibətləri təsadüfi fiqurlarla deyil, legitim institutlarla qurur.

Müharibənin ən gərgin günlərində də, atəşkəs elan olunan kimi də ünvanı düzgün seçmək hər liderin bacaracağı iş deyil. İlham Əliyev bunu etdi və hamıya göstərdi ki, diplomatiyada qələbə bəzən güllə atmaqla yox, düzgün addımı vaxtında atmaqla qazanılır.

Əslində bu, sadəcə siyasi manevr deyildi – bu, dövlətçilik dərsi idi. Ünvanı düzgün seçən lider müharibəyə girmədən qalib gəlməyi bacarır. “Mən nəyi nə vaxt edəcəyimi yaxşı bilirəm” deyən Azərbaycanın müzəffər lideri İlham Əliyev kimi…

Aqil Ələsgər

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05