!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qosqoca” Amerika Ermənistanın və bir ovuc erməninin girovuna necə çevrilib? - Fərid Şahbazlının yazısı

!Reklam – Yazi

2023-cü ilin dekabrında ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin ABŞ dövlət katibi Entoni Blinkenə müraciət edərək “Dağlıq Qarabağdakı etnik təmizləməyə” görə Azərbaycan hakimiyyətini məsuliyyətə cəlb etməyə, ən müxtəlif cəza tədbirləri görməyə çağırmışdı.

Bu günlərdə yenə 10 senator və 48 Konqres nümayəndəsinin daxil olduğu ABŞ Konqresinin üzvləri yığışaraq Blinkenə daha bir məktub ünvanlayıblar.

Məktubda ABŞ hakimiyyətindən Azərbaycanı siyasi məhbusları azad etmək məqsədi ilə konkret addımlar atmağa, onu guya “sülh prosesinə xələl gətirə biləcək” bəyanatlardan imtinaya məcbur etmək tələb olunur.
Bəyanatdan oxuyruq: “Biz Dövlət Departamentini COP29-da daha uğurlu diplomatiya üçün əlverişli mühit yaratmaq üçün bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin, o cümlədən etnik ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çalışmağa çağırırıq”.

Hər iki bəyanatda “erməni izi” açıq-aydın görünür və burada hər hansı bir xüsusi araşdırmaya ehtiyac yoxdur. Narahatçılıq doğuran yeganə məqam isə ondan ibarətdir ki, bütün dünyaya meydan oxuyan, hamıya “demokratiya və hüquq dərsi” keçən, türklər demiş “qosqoca” Amerika dövləti necə olub ki, “su üzərindəki sabun köpüyü”nə bənzəyən Ermənistanın və bir ovuc erməninin əsassız iddialarının girovuna çevrilib?
O Amerika ki, 30 ilə yaxın bir müddətdə erməni işğalına və bu işğalın qurbanına çevrilmiş 1 milyondan artıq insanın taleyinə səssiz qalıb, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, problemin həlli yolunda heç bir əməli tədbir görməyib. Azərbaycan öz gücü və iradəsi ilə tarixi ədaləti bərpa və beynəlxalq hüququn aliliyini təmin etdikdən sonra isə bu dövlətin ayrı-ayrı strukturlarında (Dövlət Departamenti, Kongresin Nümayəndələr palatası, Senat və s.) təmsil olunan ermənipərəst mafiozların hücumlarının hədəfinə çevrilib.

Dünyanın ən mötəbər tədbirlərindən sayılan COP29 ərəfəsində bu cür hücumların sayının artması, bu tədbiri ona ev sahibliyi edən Azərbaycanın özünə qarşı bir mütəşəkkil kampaniyaya çevirmək cəhdləri ABŞ-ın heç də “demokratiyanın beşiyi”, “insan hüquq və azadlıqlarının müdafiəçisi” olmadığın və ikiüzlü siyasət yürütdüyünün əyani sübutudur.
Milli Məclis deputatlarının Prezident İlham Əliyevə ünvanlandığı məktubda da deyildiyi kimi, görəsən nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyat bu ölkə tərəfindən “hərbi təcavüz” kimi dəyərləndirilir?
Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmayıblar.

Qarabağdakı separatçı rejimin əli qanlı cinayətkar rəhbərlərini “qeyri-qununi həbsdə saxlanılanlar” kimi təqdim etmək və COP29-u onların “xilası” üçün bir təzyiq vasitəsinə çevirmək ABŞ adına nə qədər doğru addımdır? Yaxud, konkret cinayət əməlinə görə cəza çəkən insanların “siyasi məhbus” adı ilə qorumağa çalışmaqla ABŞ Dövlət Departamenti və Konqres nəyə nail olmaq istəyir?!
Bu, başqa bir ölkənin suverenliyinə hörmətsizlik, onun daxili işlərinə qarışmaq cəhdi deyilmi?!
Nəhayət, bu gün heç kəsə sirr deyil ki, 1945-ci ildə heç bir hərbi ehtiyac duyulmadığı halda Yaponiyanın Xirosima və Naqasaki adlarına atom bombası atıb milyonlarla insanın həyatına qəsd edən də, dini və irqi mənsubiyyətə görə insanları həbsxanalara atan, onları polis itlərinə yem edən ölkə də məhz ABŞ-dır.
Bu gün dünyanın ən müxtəlif nöqtələrində (Asiya, Afrika, Yaxın Şərq) alovlanan müharibə ocaqları da məhz ABŞ-ın “əl işi”dir.

Rəsmi Vaşinqton indi də Ermənistanı silahlandırmaqla, ona maddi və mənəvi dəstək nümayiş etdirməklə, əslində onların sırasına Cənubi Qafqazda daha birini əlavə etməyə çalışır.

Lakin onlar bir şeyi unudurlar: Azərbaycan Ermənistan kimi, Vaşinqtondan, Parisdən və digər paytaxtlardan göndərilən ianələrlə dolanan bir ölkə olmayıb və deyil. Azərbaycan dünyanın siyasi, iqtisadi, yanacaq-energetika təminatında vacib rol oynayan suveren, qüdrətli və dəmir iradəyə sahib lideri olan bir ölkədir. Onu bu cür bəyanatlarla, erməni pulları ilə bəslənən korrupsioner konqresmenlərin çağırışları ilə qorxutmaq mümkün deyil.

Hesab edirik ki, hay-küyçü qaraguruhçulardan başqa, Ağ Evdə bu gerçəkliyi bilən və dərk edən ağıllı siyasətçilər də var.

Fərid Şahbazlı
Siyasi şərhçi

COP29

www.yenicag.az

100
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv