Ölkə kuboku əlavə prestijdir.
Yenicag.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis futbolçularını finala vəsiqə qazandıqları üçün təbrik edib: “Hər oyunçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram”.
Təcrübəli baş məşqçi iki matçda “Neftçi”yə 8 qol vurmaları barədə danışıb: “Rəqib hansı zonadan daha çox imkan verirsə, ondan istifadə etməyə çalışırıq. Mərkəzdən daha tez hücuma keçmək oyunumuzun elementlərindən biridir. Çox keyfiyyətli olur. Rəqib imkan verdiyi qədər bundan istifadə etmək istədik. Bugünkü futbol bunu çox tələb edir”.
O, finalda üz-üzə gələcəkləri “Zirə” komandası haqqında da danışıb: “Rəşad Sadıqovla meydanda bir-birimizə rəqibik. Çox yaxın dostuq. Amma müəllim – şagird söhbəti aramızda olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da. Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir. Bu gün Rəşad özü komandanı idarə edir, düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı alınacaq”./Report/
www.yenicag.az