“Belə əməliyyatlar vaxtaşırı keçirilir və terrorçu qüvvələrin zərərsizləşdirilməsi Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən intensiv şəkildə aparılır. Lakin baş verən hadisələrin konkret olaraq hansı dövlət tərəfindən maliyyələşdirilməsi və ya hansı ölkənin burada iştirakı ilə bağlı məlumatım yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
Millət vəkili ötən gün Qusarda DTX və DİN tərəfindən keçirilən əməliyyat və yaxalanan terrorçu qruplaşmanın Rusiya ilə bağlantıları haqqında səslənən iddialara münasibət bildirib.
Xatırladaq ki, sabiq “Meşə qardaşları” üzvləri olmuş 8 nəfərin saxlanılmasından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində sözügedən qruplaşmanın Rusiya tərəfindən maliyyələşdirilməsi ilə bağlı bir sıra iddialar səsləndirilib.
F. Mustafa isə söyləyib ki, Azərbaycan hazırda Rusiya ilə normal qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə malik ölkədir:
“Əgər qonşu dövlətin belə bir addım atması faktı təsdiqlənərsə, bu, olduqca arzuolunmaz haldır. Buna görə də məsələ ilə bağlı ciddi araşdırma aparıldıqdan sonra dəqiq fikir bildirmək mümkündür. Hazırkı mərhələdə hər hansı bir dövləti bu məsələdə ittiham etmək yalnız konkret faktlara əsaslanmalıdır. Əgər bu barədə rəsmi açıqlamalar verilərsə, onların əsasında qiymətləndirmə aparmaq olar”.
Rafi Müslümov
www.yenicag.az