Dini təxribatların qarşısının alınmasında mətbuatın rolu böyükdür.
Yenicag.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakıda keçirilən “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib.
Mübariz Qurbanlının fikrincə, Azərbaycanda dini zəmində təxribat törətmək istəyən qrupların xarici dairələrlə əlaqələri araşdırılır. Son günlər ölkədə bu zəmində baş verən hadisələr hüquq mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılır və nəticələr ictimaiyyətə açıqlanacaq: “Azərbaycanda baş verən son hadisələr göstərir ki, din pərdəsi altında gizlənən qruplar ölkədə ciddi təxribatlar törətməyə çalışırlar. Və bu təxribatın qarşısının alınmasında ictimaiyyətin məlumatlandırılmasında, medianın rolu böyükdür. Biz də bunu nəzərə alaraq bu çərçivədə müəyyən təklifləri dinləmək, fikir mübadiləsi aparmaq üçün bu gün media rəhbərlərinin iştirakı ilə bu konfransı təşkil edirik. Və inanıram ki, bu tədbir məhsuldar olacaq və qarşıya qoyulan məqsədlərə nail olunacaq”.
Həmçinin, o qeyd edib ki, ötən günlərdə Gəncədə baş vermiş məlum hadisə hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır və bununla bağlı ictimaiyyətə məlumatlar verilir: “İlkin detallar bunu göstərir ki, bu məlum dini radikal qrupların fəaliyyəti xaricdəki müəyyən dairələrlə əlaqəlidir”.
www.yenicag.az