Ramil Usubov rəislərlə görüşdü
Noyabrın 14-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, daxili işlər orqanlarında xidmətə qəbul üçün respublikanın müxtəlif şəhər və rayonlarından olan 134 nəfər müraciət edib, onlardan müəyyən olunmuş tələblərə cavab verən 55 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb.
Qaydalara əsasən, imtahanlarda 100 mümkün baldan 65 və daha çox bal toplamış 33 gənc sınaqdan uğurla çıxıb. İmtahanları müvəffəqiyyətlə vermiş həmin gənclərin xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər.
DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə məlumat verib.
Nazir, general-polkovnik Ramil Usubov zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.(qafqazinfo.az)