Region “barıt çəlləyi”nə DÖNÜR: “Hərbi qarşıdurma arzuolunan deyil, amma...”
“İsrail və İran arasında hərbi qarşıdurma təhlükəsi yüksəkdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
A. Qurbanova İsraillə İran arasında günü-gündən gərginləşən siyasi vəziyyəti şərh edib:
“İran ilə ABŞ arasında aparılan danışıqlar, regionda və qlobal səviyyədə sabitliyə təsir edəcək əhəmiyyətli geosiyasi proseslərdən biridir. Danışıqların uğurla nəticələnməsi, xüsusən də 2015-ci il Nüvə Razılaşmasının (JCPOA) bərpası həm enerji bazarlarında sabitlik, həm də Orta Şərqdə gərginliyin azalması baxımından mühüm rol oynaya bilər”.
Ekspert ABŞ-nin prosesə siyasi müdaxiləsindən də bəhs edib:
“Lakin tərəflər arasında olan dərin etimadsızlıq və İran və ABŞ-nin regional siyasətindəki ziddiyyətlər bu prosesə ciddi maneələr yaradır. ABŞ-nin daxili siyasi mühitində qarşıdan gələn seçkilər və İran daxilindəki sərt xətt tərəfdarlarının təsirləri də istisnasız olaraq kompromis imkanlarını məhdudlaşdıran amillərdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, cari danışıqlardan tam razılaşma gözləmək real görünmür. Lakin diplomatik kanalların açıq qalması və qismən razılaşmaların əldə olunması belə müsbət addım hesab oluna bilər. Əks təqdirdə, bölgədə yeni gərginlik dalğası, xüsusilə də İsrail və İran arasında hərbi qarşıdurma təhlükəsi yüksək ola bilər. İndiki məqamda tərəflərin belə sərt ritorika ilə çıxış edərək qarşılıqlı hədələr səsləndirməsi təəccüb yaratmır. Amma düşünürəm ki, bu hədələrin reallaşdırılması, yəni hərbi qarşıdurma həddinə çatan addımların atılması hər iki tərəf üçün arzuolunan deyil”.
Nurlan Cəfəri