!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda NATO-Rusiya SAVAŞI: Artan gərginliklər və geosiyasi reallıqlar – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Normalda müharibələr bitəndən sonra dövlətlər hərbi xərclərini azaldar. Ancaq Ermənistan və Azərbaycanda bunun tam əksini görürük. Gələk bunun səbəblərinə.

İkinci Qarabağ müharibəsi yekunlaşandan sonra açıq şəkildə gördük ki, regionda yeni reallıqlar yarandı. Rusiya əvvəlkindən fərqli olduğundan rəsmi prosesin içərisinə sülhməramlıları ilə daxil oldu. Əvvəl yalnız ittiham edirdik, iddia edirdik, ancaq müharibədən sonra bu rəsmiləşdi. Rusiya-Ukrayna müharibəsinin başlaması isə nəinki regionda, beynəlxalq aləmdə yeni reallıqlar ortaya çıxardı. 44 günlük müharibədən sonra da yazırdım ki, dövlətlər artıq balanslı siyasət apara bilməyəcək, əksinə, hər kəs öz səfini seçəcək. Rusiya-Ukrayna müharibəsi, ardınca Yaxın Şərqdəki müharibə bu prosesi daha sürətləndirdi.

Faktiki olaraq, Gürcüstanda Rusiya ilə Avropa İttifaqı və ABŞ üz-üzə idi. Daha sonra isə Qərb Gürcüstanla kifayətlənmədi, Ermənistan üzərindən bu prosesə qoşuldu. Gürcüstanda proses siyasi idisə, Ermənistan da hərbi oldu. Yəni, Ermənistanı açıq şəkildə silahlandırdılar, bundan əlavə, erməni ordusunda islahatlar aparırlar, zabit heyəti xaricdə kurslara cəlb olunur.

Azərbaycanda rəsmi və qeyri-rəsmi hər kəs Ermənistanı sülhdən qaçmaqda ittiham edir. Düşünürlər ki, gərginliyin səbəbi məhz budur. Hesab edirəm ki, hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmış olsaydı belə, bu gərginlik, müharibə riski olacaqdı. Ona görə də, Prezident İlham Əliyev parlamentdəki çıxışında birinci vəzifə kimi hərbi gücün artırlmasını ön plana çıxardı. Əgər qarşı tərəf silahlanırsa, Azərbaycana qarşı təhdidlər varsa, Azərbaycanın başqa variantı qalmır və qala da bilməz.

Bəzən açıq mənbələrə istinadən hansısa fikirlər səsləndiririk, ancaq rəsmi şəxslərin dili ilə səsləndirilən fikirlər həm də kəşfiyyat məlumatlarına əsaslanır. İlham Əliyev açıq şəkildə dedi ki, Ermənistandan hər an Azərbaycana qarşı təhlükə ola bilər. Yəni, təxribat, hücum hər şey gözləniləndir.

Diqqət çəkən digər məqam isə Avropa İttifaqının mülki missiyasının, konkret olaraq, NATO olmasının deyilməsi oldu. Faktiki olaraq, Cənubi Qafqazda NATO- Rusiya savaşı gedir. Bu, indiki mərhəldə informasiya, ideoloji, silahlandırma yönündə aparılır. Gələcəkdə bunun fərqli yönlərini də görəcəyik.

Qəbul etməliyik ki, böyük dövlətlər Cənubi Qafqaza vahid şəkildə baxırlar. Azərbaycan, Ermənistan, Gürcüstan uğrunda ayrı-ayrılıqda mübarizə aparmırlar. Hədəfləri bütöv regiondur. Elə bir coğrafi mövqeyə malikik ki, bu region uğrunda tarix boyu da müharibə aparılıb, aparılır, aparılacaq da. Bu region dövlətlərinin taleyinə varlığını qorumaq uğrunda savaş yazılıb. Hesab edirəm ki, hazırkı vəziyyət də eynən budur. İstər Azərbaycan, istər Ermənistan, istərsə də Gürcüstan həyatda qalmaq uğrunda savaşacaq. Dünya yenidən dizayn olunur, siyasi xəritələrin də dəyişəcəyi gözləniləndir. Bu o deməkdir ki, kiçik dövlətlər varlığını sürdürmək üçün addımlar atmalıdır. Varlığını qoruyanlar isə hansısa parçadan özünə pay götürməlidir.

Hazırda BMT demək olar ki, heç bir dövlətə söz keçirə bilmir. BMT Təhlükəsizlik Şurası isə cığal uşaqlar yığıncağına bənzəyir. Beynəlxalq hüquq heç kimə lazım deyil. Belə bir dünyada hərbi gücün artırılmasından başqa variant qalırmı, bilmirəm.

Azərbaycana qarşı təkcə Ermənistan üzərindən hərbi təhdid yoxdur, bütün sahələr üzrə təhdidlər var. İdeoloji sahə isə bunlardan ən önəmlisidir. İdeoloji sahədə olan boşluqlar doldurulmadan savaş aparıla bilər, ancaq nəticənin əldə edilməsi sual altında olacaq. Azərbaycana qarşı isə həm yad dini cərəyanların, yad adət-ənənələrin hücumunu açıq şəkildə görə bilirik. Yeri gəlmişkən, bu, elə bir sahədir ki, kimisə bunda ittiham etmək də asan deyil.

Regionda yenidən müharibə olma ehtimalı çox yüksəkdir. Təkcə NATO-Rusiya toqquşması yox, NATO-nun hədəfi olan İran, Çin, Şimali Koreya toqquşması həm Rusiya-Ukrayna, həm də Yaxın Şərqdə açıq şəkildə ortadadır. Yəni, tərəflər arasında uzlaşma olacaqsa, bu toqquşmaya da gərək qalmayacaq. Yox, uzlaşma olmayacaqsa (hesab edirəm ki, yaxın zamanda bunun olması da gözlənilən deyil), bu zaman Cənubi Qafqazda müharibənin olması qaçılmaz olacaq.

Budəfəki müharibə isə birinci və ikinci Qarabağ müharibəsi kimi ola bilməz. Düzdür, müharibə olacağı təqdirdə, sahədə yenə də Azərbaycan və Ermənistanı görəcəyik. Ancaq bu müharibə Azərbaycan və Ermənistandan daha çox, NATO və Rusiya və onun tərəfdaşlarının müharibəsi olacaq. Bu isə o deməkdir ki, müharibənin şiddəti, miqyası təsəvvür etdiyimizdən də böyük ola bilər.

Hazırda region ağır sınaq qarşısındadır. Oktyabrda Gürcüstanda gözlənilən seçki və ondan sonrakı toqquşmalar regionda bir qığılcım rolu oynaya bilər. Ona qədər, xüsusilə ondan sonra Azərbaycana qarşı təhdidlərin olacağı gözləniləndir. Ənənəvi yox, fərqli təhdidlərlə də üz-üzə qalma ehtimalı böyükdür.

Təəssüf ki, indiki halda regionla bağlı müsbət proqnoz vermək mümkünsüzdür.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv