Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəhim Qazıyevdən rus zabitinə sərt cavab: “Zolotuxinə dedim ki...”

Reklam: Sinerji Pro

Keçmiş müdafiə naziri Rəhim Qazıyev ehtiyatda olan rusiyalı podpolkovnik, vaxtilə Sovet ordusunun tərkibində Azərbaycanda xidmət etmiş Anatoli Zolotuxinin iddialarına münasibət bildirib.

Yenicag.Az Rusiya mediasına istinadən xəbər verir ki, Anatoli Zolotuxin Novosibirsk vilayətinin Berdsk şəhərindəki TVK telekanalına müsahibəsində 1992-ci ildə keçmiş Sovet ordusu arsenalından Azərbaycana ayrılan hərbi aviasiyanı qanunsuz olaraq Gürcüstana keçirdiyini deyib.

Gəncə yaxınlığındakı aviabazada xidmət etdiyini deyən Zolotuxin qanunsuz əməlini belə təsvir edib:

“Hərbi hissəni tutmağa cəhd edirdilər, Azərbaycanın müdafiə naziri də oraya gəlmişdi – onun “Yak-40” təyyarəsini tanıyırdım, aerodroma endiyini gördüm.

Aydın idi ki, o, hərbi hissəni zəbt etməyə gəlib. Hərbi hissəni ayağa qaldırdım, “Uçuşa” komandası verərək, orada qalmış 6 ədəd “Mi-8” helikopterlərini Gürcüstana keçirtdim”.

Anatoli Zolotuxin bu özündənrazı hərəkətinin konkret hansı zamana və SSRİ-nin dağıldığı ilk aylarda tez-tez dəyişdirilən Azərbaycan müdafiə nazirlərindən hansının vəzifədə olduğu dövrə təsadüf etdiyini açıqlamayıb.

Rusiyalı zabitin dediklərini dəqiqləşdirmək üçün əlaqə saxladığımız sabiq müdafiə naziri Rəhim Qazıyev Yenicag.Az-a açıqlamasında əvvəlcə bəzi məqamlara toxunub:

“Zolotuxinin danışdığı hadisə məndən əvvəlki nazirlərdən birinin – ya Tacəddin Mehdiyevin, ya da Tahir Əliyevin vaxtında olub. Ancaq Sovet ordusu arsenalının Azərbaycandan qanunsuz çıxarıldığına görə nə Mehdiyevi, nə də Əliyevi günahlandırmaq doğru deyil.

Çünki 1991-ci il oktyabrında keçmiş prezident Ayaz Mütəllibov Sovet ordusu əmlakının Azərbaycana verilməsini təmin etmək üçün Nazirlər Kabinetinin tərkibində xüsusi komissiyanın yaradılması haqqında sərəncam imzalamışdı.
Lakin təəssüf ki, o komissiya bu məsələdə əlini ağdan-qaraya vurmadı. O zaman Müdafiə Nazirliyinin yalnıız adı qalmışdı, heç nazirin oturmağa kabineti də yox idi.

1992-ci il may ayının 15-də Daşkənddə Sovet ordusu əmlakının bölüşdürülməsi üzrə hazırlanmış sənədi Azərbaycan adından mən imzaladım və bu istiqamətdə fəaliyyətə başladıq”.

Qazıyev əlavə edib ki, o, indi Rusiyada oturub özündən qəhrəman obrazı yaratmağa çalışan Zolotuxinə ömrü boyu unutmayacağı dərs verib:

“Zolotuxini xatırlayıram, şovinistin, şərəfsizin biri idi. O, Şəmkirdəki Dəllər aviabazasının komandiri olub. Mənim müdafiə naziri kimi fəaliyyətimin dördüncü ayında – 1992-ci ilin iyulunda həmin hərbi hissədə qalmış təyyarələrin Azərbaycandan çıxarılacağı haqda məlumat alıb, təcili ora yollandım.

Hərbi hissəyə çatanda gördüm ki, hərbi təyyarələrin mühərriki artıq işə salınıb və onlar uçuşa hazır vəziyyətdədirlər. Həmin təyyarələrin uçuşuna imkan verməmək üçün uçuş zolağına beton plitələr düzdürdüm.

Bu prosesə nəzarət etmək üçün Zaqafqaziya Hərbi Dairəsindən göndərilmiş bir generalla qızğın mübahisəmiz oldu, hətta silahlar çəkildi. Tez Gəncədəki 104-cü desant diviziyasının komandiri Şerbakla əlaqə saxladım və təcili olaraq Dəllərə bir general göndərdi.

Həmin general ora gəldikdə mənə hərbi təzim etdi və mübahisə etdiyimiz generala dedi ki, dəli olmusuz, bu şəxs Azərbaycanın müdafiə naziridir. Bir qədər müzakirədən sonra təyyarələrin oradan çıxarılmasına imkan verməyəcəyimizi başa düşdülər və geri çəkildilər.

Ruslar hərbi hissəni tərk edəndə, onlara yalnız şəxsi əşyalarını və varsa, tabel silahlarını götürə biləcəklərini dedim. Yolda mənə məlumat verildi ki, Zolotuxin hərbi hissədən xeyli silahı və ehtiyat hissələrini də yükləyib özü ilə aparır. Gəncəyə çatmadan onların maşınlarını saxlatdıq, axtarış zamanı 2 “KamAz”a yığılmış 900-dən çox avtomat, başqa sursatlar və rabitə qurğuları üçün ehtiyat hissələri müsadirə etdik. Zolotuxinə dedim ki, səni həbs etmədiyim üçün get, şükr elə. İndi durub-durum yekə-yekə danışmaqla deyil ki… ”

Keçmiş nazir orada baş vermiş maraqlı bir hadisəni də danışıb:

“Dəllərdəki hərbi hissədə xidmət edən zabitlərin ailələrini Rusiyaya aparmaq üçün 4 ədəd “İl-76” təyyarələri göndərilmişdi və onlar aerodromda saxlanılırdılar. Açığı, həmin təyyarələrə ehtiyacımız olduğu üçün onları Azərbaycanda saxlamaq fikrinə düşdüm.

Lazım olan şəxslərlə əlaqə saxlayıb öyrəndim ki, bizdə “İl-76” təyyarələrini idarə edəcək pilotlar yoxdur. Ona görə də rus pilotlarından istifadə etməli olduq. 8 pilotu gecə ilə qərargaha çağırdıq, hərəsinə min dollar vəd edərək, “İl-76” təyyarələrindən 2-sini – NB modelli ən keyfiyyətlilərini Bakıya göndərməyi qərara aldıq. Zəng vurub bu barədə AZAL-ın o vaxtkı prezidenti Ədalət Əliyevlə danışdım.

O, dedi ki, gecə saatlarında Gəncə hava limanının uçuş zolaqları işıqlandırılmadığı üçün təyyarə göndərmək çətindir. Ancaq mən onu razı saldım. Rus pilotlarını geri gətirən “Yak-40” təyyarəsinin Gəncəyə enməsi üçün uçuş zolağını maşınlar vasitəsilə işıqlandırdıq və pilotlar artıq saat 4-də öz yerlərində oldular. Axşamdan sərxoş edib yatırdığımız rus zabitləri səhər oyanıb nə baş verdiyini dərk edə bilmədilər”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

810
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100