“Tələblərini irəli sürməkdən qorxurlar və buna görə də hər cür yaltaqlığa hazırdırlar”.
Bu fikirləri son illər akytorlara verilən qonorarla bağlı sualımızı cavablandıran tanınmış aktyor Türkay Cəfərli Yenicag.az-a açıqlamasında deyib.
O, bəzi aktyorların layiq olmadıqları münasibətin formalaşmasına özlərinin şərait yaratdıqlarını təəssüflə bildirib:
“Nə qədər ki aktyorlar yığılıb sözü bir yerə qoymayacaq, dırnaqarası aktyorlar dildə boş-boş danışıb, gedib orada-burada 5-10 manata çəkiləcək, peşəkarların da aqibəti belə olacaq.
Buna görə də Azərbaycanda son dövrlərdə dəmir parçası aktyordan daha bahadır. Təbii ki bu, hamıya şamil olunmur. Çoxu özünə qiymət vermir deyə, belə qənaət yaranıb ki, aktyorlar 3-5 manata çəkilməyə razıdırlar.
Rejissor da düşünür ki, peşəkara istədiyi qonorarı verməkdənsə, elə belələrini gətirib 3-5 manata çəkərəm, pulun da qalığını cibimə qoyub həyatımı yaşayaram. Ona aktyorun heç iş keyfiyyəti və peşəkarlığı da lazım deyil.
Onsuz da indiki serialların çoxu ancaq ailə-məişət söhbətləri, çığır-bağırdan ibarətdir. Sanki bir meşədir və bu meşədə ajiotaj yaşanır. Mənə də hər dəfə təkliflər gəlir, amma özümü hər seriala qaçacaq qədər ucuz tutmuram.
Tələblərini irəli sürməkdən qorxurlar və buna görə də hər cür yaltaqlığa hazırdırlar. Aktyorlar birləşib özlərinə hörmət qoymayana qədər həmişə belə olacaq. İnsan illərinə və zəhmətinə hörmət qoymağı bacarmalıdır.
Çünki onların təklif etdiyi qonorar özlərinin adına layiqdir, mənim yox. Özümə gəlincə, işlərim də çoxdur. Qane edən qonorarımı alıb, çəkilirəm”.
Cəvahir
www.yenicag.az