Rəqib partiyanı ziyarət ənənəsi Azərbaycanda?
Mirmahmud Mirəlioğlu: Ölkəmiz üçün rəqib partiya nümayəndələrinin bir-birinin qonağı olması aktuallıq kəsb edən məsələ deyil”
İqbal Ağazadə: “Bu tendensiyanın formalaşması üçün siyasi institut ənənəsi lazımdır”
Türkiyədə rəqib partiyalar bir-birinin qonağı olurlar. Məsələn, baş nazir Davudoğlu MHP-dən olan namizədləri ziyarət edib. Belə bir ənənə Azərbaycanda da mümkündürmü?
KXCP sədri Mirmahmud Mirəlioğlu Yenicag.az-a açıqlamasında məsələnin ölkəmiz üçün aktual olmadığını dedi: “Türkiyədə bildiyimiz kimi MHP çox güclü partiyalardandır, həm də dövlətçilik mövqeyində durur. Bu mənada Davudoğlu özünə siyasi divident gətirdiyindən təbii ki, MNP-dən olan namizədləri seçki qərargahlarında ziyarət edib. Azərbaycanda isə rəqib partiya nümayəndələri, hər kəs tədbirdən tədbirə görüşür, siyasi iftarlarda iştirak edirlər, əlbəttə ki, etməyənlər də var. Burada əlahiddə bir məsələ yoxdur. Azərbaycanda bu məsələdə münasibətlər nə kəskin deyil, nə də mövcud da deyil. Ona görə də ölkəmiz üçün rəqib partiya nümayəndələrinin bir-birinin qonağı olması aktuallıq kəsb edən məsələ deyil”.
Millət vəkili İqbal Ağazadə bildirdi ki, Türkiyədəki həmin ənənənin ölkəmizdə də formalaşması üçün vaxt lazımdır: “Yəqin ki, belə bir ənənə haçansa ölkəmizdə də formalaşacaq. Hələlik isə səviyyəmiz rəqib partiya nümayəndələrinin bir-birini ziyarət etməsi səviyyəsinə çatmayıb. Bu tendensiyanın formalaşması üçün siyasi institut ənənəsi lazımdır, bu ənənə də hələ yoxdur”.
Elçin