Roma Papasına bir “zərbə” də Cəlaloğlundan gəldi -“Hətərəm-pətərəm danışır”
Bu sözləri Yenicag.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu erməni soyqırımını tanıyan Roma Papası Franksisin bu addımına münasibət bildirərkən söyləyib:
“Hazırkı Roma Papası Franksis iuzitlər ordeninin təmsilçisidir. İuzit təriqəti də xristian tarixində ən təhlükəli təriqətlərdən biri olub. Vaxtilə onların fəaliyyəti qadağan edilmişdi. Onların əsas vəzifəsi dünyada vətəndaş müharibələri, çaxnaşmalar salmaq, destruktiv hərəkətlərə dəstək verməkdən ibarətdir. Bu orden ancaq belə məsələlərə xidmət edir. Digər tərəfdən, iuzit ordeninin başqa təriqətlərdən fərqi onlarda əxlaq deyilən dəyərlərin olmaması ilə bağlıdır. Onlar öz əqidələrini istənilən şəraitə uyğun uyğunlaşdırırlar. Roma Papası 3 ay öncə Yaxın Şərqdə olan hadisələrlə bağlı belə bir bəyanat vermişdi ki, artıq III dünya müharibəsinin başlandığını elan edə bilərik. Bu cür hətərəm-pətərəm danışan Roma Papası Franksis mənsub olduğu təriqətin ideologiyasını da daşıyır. Ona görə xalqlar arasında əməkdaşlığı pozan, münasibətləri gərginləşdirən bəyanatlarla çıxış edir. Bu mənada Roma Papasının həmin bəyanatı gözlənilən idi. Hər halda o yaxşı bilməlidir ki, erməni soyqırımı olmayıb. Onu dilə gətirmək bütövlükdə Qafqazda, o cümlədən, yaxın bölgədə ciddi qarşıdurmalara gətirib çıxara bilər. Partiyamız papanın 1915-ci il hadisələrinə soyqırım deməsini pisləyən bəyanatla çıxış edib. Bu hətərəm-pətərəm danışmasını da Roma Papasının dini missiyadan uzaqlaşıb, siyasi missiya yerinə yetirməsi ilə əlaqələndirmişik”.
Elçin