Rövnəq Abdullayev qəbul keçirdi
Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi əməkdaşlıq komitəsinin sədri, “İtoçu” korporasiyasının icraçı vitse-prezidenti Yoiçhi Kobayashinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açıb.
ARDNŞ-ın liderliyi ilə Azərbaycan neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulayan “İtoçu” korporasiyasının icraçı vitse-prezidenti Yoiçhi Kobayashi Bakıya budəfəki səfərindən xüsusilə məmnun qaldığını söyləyib. O təmsil etdiyi “İtoçu” korporasiyasının Azərbaycanla artıq 20 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, həyata keçirdikləri beynəlxalq layihələr arasında AÇG layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırıb.
ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Yoiçi Kobayaşiyə təşəkkür edib. O, ARDNŞ-nin idarəçiliyində olan “Petkim” neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək “STAR” neft emalı zavodunun inşasında birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. (azadinform.az)