“İlk vaxtlar bu şərhlərə görə üzülürdüm”.
Bu sözləri gənc aktrisa Röya Rüstəmova Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi bu günə qədər oynadığı seriallar içərisində onu daha çox təsirləndirən və tamaşaçı marağı cəlb edən obrazından danışıb.
Yazılan şərhlərə münasibət bildirən aktrisa tənqidlərə qarşı hər zaman açıq olduğunu bildirib:
“Amma bir şərtlə ki, təhqirə yol verilməsin. İndiyə qədər rol aldığım seriallarda ən təsirləndiyim səhnə “İmtahan” serialında oynadığım Aysu obrazının anasını itirmə səhnəsi olub. Mənə görə çətin səhnə idi, həm də bu serial ilk işim olduğu üçün uğurlu olmasını istəyirdim, nail də oldum. Çünki həmin səhnədən sonra mənə istər tanımadığım insanlar, istərsə də sosial şəbəkələrdən yazanlar, təbrik edənlər çox oldu. Mənə ilk dedikləri “Röya, sən nə etdin? Bizdə ürək qoymadın” sözləri olmuşdu. Amma ən təsirli şərhi anam mənə etmişdi. Şərhin nə olduğu məndə qalsın, lakin məhz o şərhdən sonra əminliklə deyə bildim ki, mən bacardım. Çünki anamın fikirləri mənim üçün çox önəmli idi”.
Sənətçi onu da əlavə edib ki, dövrümüzdə “qınaq”lardan da yan keçmək olmur:
“Hələ sən aktrisa kimi fəaliyyət göstərirsənsə, mütləq ki, bir “mız” qoyan tapılacaq. Əlbəttə, savadlı və yerində olunmuş tənqidlərə açıq insanam, təbii ki, obraz barədə deyildiyi müddətcə… Təhqir yox, tənqid. Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar. Bizim insanlarımız serialda yeniliyi və yeni obrazı bir az gec qəbul edirlər, bəzən də heç etmirlər. Mən seriala çəkildiyim ilk zamanlarda oynadığım obrazı tamaşaçıya qəbul etdirəcəyimdən əmin idim ki, elə belə də oldu”.
“Amma bəzən ssenariyə görə müsbətdən mənfiyə və mənfidən müsbətə doğru xarakterlər dəyişə bilirdi. Buna görə çox tənqidlər almışdım. Lakin bəzən insanlarımız rola o qədər özlərini inandırırlar ki, hətta tənqid yox, təhqir mesajları yazan da olurdu. İlk vaxtlar bu şərhlərə görə üzülürdüm, amma sonradan rolumu tamaşaçılara qəbul etdirdim deyə daha tənqidlər yox, ancaq xoş şərhlər yazırdılar. Ümumilikdə isə məni həyatda görən tamaşaçılardan ancaq xoş sözlər və oynadığım obrazların öhdəsindən gəldiyim kimi şərhlər eşitmişəm. Məni obrazda görüb məsləhət verən də az olmayıb. Yəni həyatda məni görən tamaşaçılarımdan heç bir mənfi şərh almamışam”.
Cəvahir
www.yenicag.az