11 fevral 2015-ci ilin buludlu bir səhəri idi…
O gün Tənzilə xanımın halı bir başqaydı…
Zaman-zaman zəng edər, gedib söhbət edər, məmləkət məsələlərindən danışarıq…
Bəzi önəmli günlər öncəsi görüləcək işlərlə bağlı məşvərət edərik…
Redaksiyadaydım…
Tənzilə xanım zəng etdi, “Azərittifaq”a gəlib-gələ bilməyəcəyimi soruşdu…
İki saatdan çox söhbət etdik…
Arada Yardımlıya – əmisinin yasına gedən Sabir bəyi aradı, hələ kənddən çıxmamışdılar…
Ancaq söhbətimiz sanki tamamən başqaydı…
Sözdə Xocalı ilə bağlı İstanbul tədbirlərini müzakirə etməyə getmişdim…
Lakin Tənzilə xanımın halı bir başqaydı. Sanki nəyisə düşünmək istəmədiyindən hal-əhval tutmağa çağırmışdı…
İki saat ərzində tamamən rabitəsiz, bir-biri ilə əlaqəsi olmayan söhbətlər etdik…
Heç vaxt danışmadığı mövzulardan söhbət edirdi…
Anasından danışırdı…
Sanki o faciənin yaşanacağını hiss edirdi və ona mane olmaq istəyirdi…
Zehnində bir savaş vardı və o müharibədən qaçmaq üçün söhbəti uzadırdı…
***
Bu illər ərzində Tənzilə Rüstəmxanlının bir çox halına şahid olmuşam. Ağır xəstə olan Firudin Cəlilovla bağlı etdiyi xahiş və aldığı müsbət cavabdan sonra uşaq sevinci ilə ayağa qalxmasının da şahidiyəm, dostlarının ağır günündə hər kəsdən öncə dost məclisinə yetişdiyini də, işlər yaxşı olanda, kənarə çəkilib sevinclə izlədiyini də…
***
Ancaq o gün qarşımda qərarlı, qətiyyətli bir insandan daha çox dağınıq fikirli, söhbət edən, lakin ruhu kabinetdə olmayan biri vardı…
Sanki göylərdə bir savaş vardı və o gücünü birləşdirib, qalib çıxmaq istəyirdi…
Açığı bu hisslə ayrıldım oradan və piyada Nizami metrosunun yaxınlığındakı ofisimə gəldim…
Görüş zamanı Tənzilə xanımın qəribsədiyim halları beynimə ilişib qalmışdı. Onları fikirləşə-fikirləşə içəri girdiyimdə, işçilərdən biri “Şahbaz Xuduoğlunun həyat yoldaşı qəzada həlak olub. Bunu hansı kateqoriyadan verim” deyə, soruşdu. Fikirli olduğumdan öncə diqqət etmədim dediyi sözə və “yuxarıdan ver” dedim və kompyuterimi açdım… Sanki birdən elektrik vurdu məni və gəlib “aç o xəbəri” dedim…
Tam da bir-iki saat öncə kənddən ayrılacaqlarını eşitdiyim Könül xanım qəzada həlak olmuşdu…
Artıq Tənzilə xanımın narahatlığının səbəbini anlayırdım. Başa düşdüm ki, korrekt fikirləri ilə tanıdığım insan nə üçün rabitəsiz, bir-biri ilə əlaqəsi olmayan mövzulardan danışırmış… O bu bəlanı qovmaq, özünə yaxın qoymamaq üçün çalışsa da, Fələk saydığını saymışdı…
Bacıdan çox qızı qədər sevdiyi, əlində böyütdüyü, gəlin köçürdüyü, ağladığında ağladığı, güldüyündə güldüyü Könülü yox idi artıq Tənzilə xanımın…
Üç gündən sonra eşitdim səsini… Nömrəni görməsəydim, tanımayacaqdım…
On gündən sonra Xocalı ilə bağlı səfərlər başlayırdı və xaricdə bu tədbirləri başladanlardan biri olan Tənzilə Rüstəmxanlını kimsə qınamazdı o il tədbirlərə qatılmasaydı…
Ancaq “dərd mənimdir, ancaq bu xalq üçün lazımdır” deyib, hər il olduğundan daha çox çalışdı…
Biz bir şəhərdə iki konfrans keçirəndən sonra ax-vay etsək də, o, sanki yorulmaq bilmədi ötən ilin fevralında…
Sanki Könülün qəzasına mane ola bilmədiyi üçün ruhunu cəzalandırırdı…
Sanki Könüldən sonra onu sarsılmış görmək istəyənlərə dimdik ayaqda olduğunu göstərirdi…
Bildiyim tək şey Könülün faciəsi baş verdiyi saatlarda Tənzilə xanımın kabinetində hava çox ağır idi, həm də çox ağır…
Xəbəri gec eşitsə də, ruhuna artıq Könülünün olmadığı bildirilmişdi…
Aqil Ələsgər
www.yenicag.az