İran prezidenti Həsən Ruhani İslam İnqilabının 40 illik yubiley mərasimində Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib.
Ruhani bildirib ki, İran Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranan zaman da buna öz etirazını ifadə edib, həmin ərazilərin İrana birləşdirilməsi tələb olunub. İran prezidenti bu gün də həmin mövqedə olduqlarını deyib:
“Cənubi Qafqaz və Azərbaycan Respublikasının əraziləri qədim İran torpağıdır. O torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirib və bu ərazilərin İrana birləşməsini tələb edib.
Biz bu gün də həmin fikirdəyik. Çünki, əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”.
Ruhaninin bu bəyanatı Azərbaycanda kəskin etiraz doğurub. İran prezidentinin məlum iddiası ilə bağlı Yenicag.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qeyd edib ki, Ruhaninin bu çıxışı İranın daxilində yaşanan gərginlikdən qaynaqlanır:
“Bu, əlbəttə ki, yanlış mövqedir. Hazırda İranda daxili gərginlik yaşanır və bunun da başlıca səbəbi dünyanın İslam Respublikasına qarşı sərgilədiyi mövqedir.
Adətən, belə vəziyyət yarananda, siyasi rəhbərlik ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən başqa məsələlərə yönəltməyə çalışır. Eyni zamanda, proseslərin daha çox şovinist prizmadan izahı üçün əsas yaradan məqamlar qabardılır.
Fikrimcə, Ruhani belə fikirlər səsləndirməklə, beynəlxalq hüquqa zidd olan yanlış mövqe nümayiş etdirib. Bu yanaşma İranın özünün daxilində gərginliyi artıra bilər. Mən istəməzdim ki, tarixən ciddi bağlarımızın olduğu, qardaş ölkə adlandırdığımız İranla münasibətlərimiz gərginlik fazasına daxil olsun.
Qənaətimə görə, bu, sistemli yox, situativ məsələdir və belə düşünmürəm ki, İran dövləti Azərbaycan ərazilərinə rəsmi səviyyədə iddia irəli sürə bilər. Əgər belə düşüncədə olanlar varsa, çox dərindən yanılırlar. Azərbaycan Respublikası beynəlxalq hüququn subyektidir və bu statusu onun əlindən heç kəs ala bilməz”.
A.Zeynalov
www.yenicag.az