Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya BMT Təhlükəsizlik Şurasını Skripal məsələsində Rusiyanın Birləşmiş Krallıqla əməkdaşlıq təklifini dəstəkləməyə çağırıb.
Yenicag.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən diplomat bütün dövlətlərin İngiltərə hökumətini kimyəvi silahlarla mübarizə məsələlərində Rusiya ilə məsləhətləşməyə çağırmasını istəyib.
Nebenziya ingilis həmkarı Karen Pirsnini dezinformasiya yaymağı dayandırmağa çağırıb. Onun sözlərinə görə, Britaniyanın Skripal sui-qəsdi ilə bağlı çərşənbə günü verdiyi bəyanat tamamilə dezinformasiyadır.
“Birləşmiş Krallıq Rusiya tərəfi ilə əməkdaşlıq tələb etməyib, əksinə, Rusiya hər zaman bütün vacib məsələlərdə İngiltərə ilə bərabər işləməyə hazır olduğunu bildirib” – deyə rus diplomat vurğulayıb.
Qeyd edək ki, İngiltərənin Baş naziri Tereza Mey parlamentə, Sergey Skripal və qızı Yulianın Salisbury şəhərində zəhərlənməsi ilə bağlı məxfi araşdırmaların cavabları haqqında məlumat verib. Məlumatda sui-qəsdin törədilməsində Rusiya hərbi kəşfiyyat xidməti GRU-nun iştirakı ilə bağlı faktlar göstərilib.
Bundan sonra “Scotland Yard” Skripal sui-qəsdində şübhəli bilinən iki rus agentinin fotoşəkillərini nəşr edib və ingilis səlahiyyətlilərinin rəsmi açıqlamalarında şübhəlilərin zəhərlənmədən 48 saat əvvəl ölkəyə daxil olması göstərilib. “Aleksandr Petrov və Ruslan Bəşirov Rus pasportlarını daşıyıblar” – deyə bəyanatda göstərilib.
Rəsmi Moskva bütün iddiaları qətiyyətlə rədd edib.
Həşim Səhrablı
www.yenicag.az