Soçidə keçirilən Rusiya-Afrika sammiti öz işinə yekun vurub.
Yenicag.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Afrika İttifaqının sədrliyini həyata keçirən Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrlik etdikləri sammitdə Afrika qitəsindən 30 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.
Sammitin yekunu ilə bağlı Rusiya Federasiyası və Afrika İttifaqı arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın əsaslarına dair Memorandum və birgə Bəyannamə imzalanıb.
Rusiya Prezidenti yekun iclasında qeyd edib ki, onun ölkəsi Afrika ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet məsələlərindən biri hesab edir. O, sammitin üç ildə bir keçirilməsini təklif edib. Rusiyanın dövlət başçısı vurğulayıb ki, Moskva terrorizmlə mübarizə, lokal münaqişələrin aradan qaldırılması üzrə, habelə hərbi-texniki sahədə Afrika ölkələri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. O əlavə edib ki, 2018-ci ildə Rusiyanın bu ölkələrlə əmtəə dövriyyəsi 20 milyard dollardan çox olub.
“Sülh, təhlükəsizlik və rifah” şüarı ilə keçirilən sammitin əhəmiyyətindən bəhs edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi qeyd edib ki, Afrika ölkələri Rusiya ilə iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirlər. O, Qahirədə fəaliyyət göstərən Afrikanın Bərpası və İqtisadi İnkişafı Mərkəzinin Moskva ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb. Prezident əs-Sisi cari il dekabrın 11-12-də Asuanda keçiriləcək Sülh və Dayanıqlı İnkişaf Forumunun da əhəmiyyətindən bəhs edib./AZƏRTAC/
www.yenicag.az