Rusiya-Ermənistan münasibətləri pozula bilər? – Ekspert rəyi
Yanvarın 12-də Gümrü şəhərində baş verən qətl olayı Ermənistanı, eləcə də Rusiyanı dərindən silkələdi. Ermənistanda qulluq edən Valeri Permyakov adlı müddətli hərbçi erməni ailənin 6 üzvünü qətlə yetirməkdə günahlandırılır. Hadisə Ermənistan dairələrinin kəskin reaksiyasına səbəb oldu. Rusiya Müdafiə Nazirliyinin xüsusi qrupu olay yerinə dərhal gələrək, araşdırmalar apardı. Hətta Serj Sarkisyan təcili müşavirə keçirdi. Hadisənin Rusiya-Ermənistan münasibətlərinə hər hansı soyuqluq gətirib-gətirməyəcəyi isə sual altındadır.
Məsələ ilə bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Yenicag.az-a xüsusi açıqlama verdi: “Fikrimcə, Ermənistan-Rusiya münasibətlərinə təsiri olmayacaq. Bunu adi kriminal hadisə kimi dəyərləndirirəm. İstənilən hərbi bazanın yerləşdiyi ərazidə baş verən hadisələrdən biridir. ABŞ qoşunları Əfqanıstanda, İraqda olan zaman bu kimi hadisələr qeydə alınmışdır. Rusiyanın Müdafiə Nazirliyi ilə Ermənistanın aidiyyatı qurumu bu olayı birgə araşdıracaqlar. Təbii ki, Ermənistanda hansısa qüvvələr bu hadisədən Rusiya əleyhinə istifadə etməyə cəhd edəcək. Ancaq istənilən halda bu adi kriminal hadisədir”.
Kamran/Yenicag