“Özünü Qərbönümlü kimi göstərən Ermənistanın Moskvanın iradəsinin əksinə çıxmaq imkanı yoxdur”.
Bu fikirləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə əldə olunan nəticələrə Rusiyanın yanaşmasını şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında davam edən nizamlama prosesində konstruktiv mövqe tutmur:
“Hesab edirəm ki, Vaşinqtonda keçirilən ABŞ, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş dünyanın diqqət mərkəzindədir. Regionda sülhün bərqərar olmasını istəyən qüvvələr və əks mövqedə dayanan subyektlər Vaşinqton danışıqlarını həssaslıqla izləyirlər.
Sızan ilkin məlumatlara görə, sülh müqaviləsinin detalları ilə bağlı gedən müzakirələr Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquqa söykənən beş prinsipə əsaslanır. Bu variantda Ermənistanın və separatçı rejimin Qarabağla əlaqədar məlum arzuları ürəklərində qalmış olur. Çünki haqqında danışılan sənəddə muxtariyyət və ya xüsusi hüquqlar kimi məsələlər yer almayıb.
Amma Vaşinqtonda sülh müqaviləsi imzalanacaqmı və müəyyən ölkələrin buna münasibətinin necə olacağı məsələsinə gəldikdə, Rusiya rəsmilərinin artıq bu prosesə qısqanc yanaşdıqlarını göstərən sətiraltı eyhamlı açıqlamalar veriblər. Onlar bildirirlər ki, bütün variantlar müzakirə olunsa da, sülh sazişi bəlli üçtərəfli bəyanatın müddəaları əsasında hazırlanmalıdır.
Lakin çox təəssüf ki, Rusiya o bəyanatın 4 və 9-cu maddələrinin icrası üçün heç bir addım atmayıb. Rusiya həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prinsipləri, eləcə də sülh sazişinin əsasını təşkil edən məsələlərdə konstruktiv mövqe tutmadı.
Görünən budur ki, Moskva nizamlama prosesində digər ölkələrin iştirakını ciddi qısqanclıqla qarşılayır. O baxımdan, Rusiyanın Ermənistanda və sərhəddə müəyyən təxribatlar törədəcəyi istisna deyil. Dünəndən Ermənistanda Paşinyanın istefası gündəmə gətirilir, ona yönəlik təhdid xarakterli kəsilmiş donuz başının gəzdirildiyi yürüş keçirilir və sair. Amma Rusiya sülhməramlılarının təhriki ilə cəbhə bölgəsində də vəziyyət kəskinləşə bilər. Azərbaycan dövləti bu kimi ssenarilərə hazır olmalıdır.
Mən əvvəllər də demişəm ki, sülh sazişinin hansı ölkədə müzakirə edilməsindən asılı olmayaraq, sonda o məsələlər Rusiyada bir daha müzakirə olunacaq. Çünki Rusiya bunu istəyir və özünü Qərbyönümlü kimi göstərən Ermənistanın Moskvanın iradəsinin əksinə çıxmaq imkanı yoxdur. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşəcəklərinə dair məlumatlar da deməyə əsas verir ki, Rusiya ABŞ-dəki ilkin müzakirələrdən sonra bu prosesə müdaxilə etməklə özünün regiondakı ambisiyasını dünyaya nümayiş etdirməyə çalışır”.
A.Zeynalov
www.yenicag.az