Rusiya Suriyada hərbi əməliyyatlara başladı.
Bu barədə ABŞ rəsmisi məlumat verib. Bildirilib ki, Suriyada ilk dəfə hava hücumları təşkil edən Rusiya əməliyyatdan öncə ABŞ-a məlumat verib.
Rusiya prezidenti Vladimir Putin isə açıqlama verərək qeyd edib ki, Əsədə dəstək sadəcə, hava qüvvələri tərəfindən veriləcək, quru qoşunları əməliyyata daxil edilməyəcək.
“Terrorçularla başa çıxmağın tək yolu mübarizə aparmaqdır. Növbənin Rusiyaya çatmasını gözləyə bilmərik”-Putin əlavə edib.
Suriya rejimi isə Rusiyadan hərbi dəstək istədiyini təsdiq edib: “Rusiya Hərbi Hava Qüvvələrinin Suriyaya göndərilməsi Bəşər Əsədin müraciətindən sonra həyata keçirilib”.
Verilən məlumatlara görə, Rusiya Suriyanın qərbində yerləşən Xüms şəhəri yaxınlığındakı İŞİD mövqelərini vurur. Məlumatda bildirilir ki, Rusiya ABŞ-a hansı bölgəni vuracağı barədə məlumat verməyibmiş.
Rusiyanın Müdafiə Nazirliyi Suriyada İŞİD-ə qarşı hava əməliyyatlarına başladıqlarını təsdiqləyib. Açıqlamada deyilir: “Rusiya Suriya ilə birlikdə beynəlxalq hüquqa uyğun olaraq İŞİD-ə qarşı əməliyyat təşkil edən ilk ölkədir”.
Fransanın diplomatik qaynaqlarından isə bildirilib ki, Rusiyanın İŞİD-i deyil, suriyalı müxalifləri hədəf aldığı görünür.
Bəzi Suriya mənbələrindən verilən məlumata görə, Rusiya mülki vətəndaşların olduğu əraziləri bombalayır. 16 dinc sakinin öldüyü, 30 dinc sakinin isə yaralandığı iddia edilir.
Suriyalı müxaliflər də Rusiyanın Azad Suriya Ordusunu bombaladığını bildirib.
Suriyalı müxaliflərin lideri Xalid Hoca Hava hücumunda azı 36 dinc sakinin öldüyünü açıqlayıb. Xalid Hoca bu barədə twitter sosial şəbəkəsində məlumat verib.
ABŞ rəsmisinin yerli mətbuata verdiyi məlumata görə, Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayıb və hərbi müdaxilənin ümumi vəziyyət üçün faydalı olmayacağını deyib.
***
Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra PKK-nın Suriya qoludan (YPG) açıqlama verilib. YPG-nin əsas komandirlərindən olan Sipan Hemo Rusiyadan hərbi dəstək istədiklərini bildirib.
Sipan Hemo deyib: “Rusiya Hərbi Hava Qüvvələrindən bizə dəstək verməsini istəyirik. Rusiya ilə İŞİD-ə qarşı birgə mübarizə apara bilərik”.
Rusiyanın hərbi əməliyyatlarına Vaşinqtonun Moskvadakı Səfirliyindən reaksiya gəlib. Səfirlikdən verilən açıqlamada deyilir: “ABŞ-ın xəbəri var. Obama ilə Putinin görüşündə də İŞİD-lə mübarizənin tərəflər üçün vacib olduğu qənaətinə gəlinmişdi. ABŞ Suriyadakı missiyasını davam etdirir”(musavat)
www.yenicag.az