Rusiya təyyarəsini vuran pilot FETÖ üzvü deyil - Əhməd Davudoğlu
15 iyul hərbi çevriliş cəhdi ilə bağlı Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu parlament tərəfindən yaradılan komissiyada dindirilib.
Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davudoğlu FETÖ məsələsinə toxunaraq deyib ki, 2013-cü ildə BMT-nin Baş Məclisinə getməzdən öncə prezident Rəcəb Tayyib Ərdoğanla bu məsələni müzakirə etmişik:
“Bu şəbəkənin Türkiyəyə qarşı addımlar atacağını bildiyimizdən, Gülənin Türkiyəyə təhvil verilməsi fikrinə gəldik”.
Rusiyaya məxsus hərbi təyyarənin vurulması məsələsinə diqqəti çəkən Davudoğlu deyib ki, təyyarəni vuran pilotun FETÖ üzvü olmadığı aydınlaşıb:
“Bu məsələ ilə bağlı atılan addımlar Rusiya daxil olmaqla, heç bir ölkəyə yönəlməyib. FETÖ və ya digər terror üzvü olan bir hərbçinin əmr olmadan özbaşına hərəkət etməsi mümkün deyil. Ona görə də komissiyaya bildirdim ki, pilotun və ya Türkiyə Silahlı Qüvvələrinin hər hansı bir mənsubunun terror şəbəkəsi ilə əlaqəsinin olub-olmadığı mütləq araşdırılmalıdır. Qeyd edim ki, pilotun keçmişi və əlaqələri ilə bağlı aparılan araşdırmalardan hər hansı terror təşkilatına bağlılığı aşkar edilməyib”.
Yeniçağ.az