“Rusiya, Türkiyə və İran arasında qarşılıqlı anlaşma olacağı təqdirdə, Suriya böhranı və digər münaqişələrin həllli üçün ciddi zəmin yaranacaq”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Rusiyalı politoloq Yevgeni Baxrevski deyib:
“Rusiya və Türkiyə prezidentləri son aylarda tez-tez görüşürlər və geniş əhatəli məsələlər ətrafında dialoq müntəzəm davam etdirilir. Bu, tərəfərin dialoq və onun uğurlu alınmasında maraqlı olduqlarını göstərir. Əlbəttə, əgər hər şey qaydasındadırsa və heç bir ziddiyyət yoxdursa, belə intensiv görüşlərə də ehtiyac olmazdı”.
Politoloqun sözlərinə görə, hazırda tərəflər arasında çətin, ancaq məhsuldar dialoq aparılır:
“Ankarada keçirilmiş son görüşün təfərrüatlarını bilmirik. Yəqin ki danışıqların əsas mövzusu Suriyadakı müharibəsonrası vəziyyətin tənzimlənməsi olub”.
Türkiyə, Rusiya və İran arasında münasibətlərin nə dərəcədə dayanıqlı olduğuna toxunan ekspert qeyd edib ki, indiki vəziyyətdə adları çəkilən ölkələrdən üçlü dialoqdan danışmaq mümkündür:
“Tərəflər üçün asan deyil, ancaq onlar birgə əməkdaşlığın əhəmiyyətini başa düşürlər. O baxımdan, çətinliklə də olsa, dil taparaq əməkdaşlıq edirlər. Bu, çətin, eyni zamanda, fikrimcə, regionda sülh və sabitliyin təminatına yönələn əməkdaşlıqdır”.
Politoloqun fikrincə, Rusiya, Türkiyə və İran arasında qarşılıqlı anlaşma olacağı təqdirdə, onların maraqlarının kəssişdiyi Suriya böhranı və digər münaqişələrin həllli üçün ciddi zəmin yaranacaq:
“Bu məsələlər Yaxın Şərq, Orta Asiya və əlbəttə ki Cənubi Qafqazdır. Minsk formatı özünün effektivsizliyini göstərir. Belə düşünürəm ki, Qarabağ münaqişəsinin nizamlanmasında yeganə təminatçı olmaq Rusiyaya sərf etmir.
Çünki Rusiya bütün hallarda istər azərbaycanlıların, istərsə də ermənilərin nəzərində günahkar obrazında olacaq. Rusiya, Türkiyə və İran üçlüyü isə münaqişələrin həlli üçün münasib format kimi görünür”.
www.yenicag.az