“ABŞ-dəki seçkilər ərəfəsində dünyada vəziyyət daha da gərginləşəcək”.
Bu fikri Yaxın Şərqdə baş verənlər fonunda Rusiya-Ukrayna müharibəsinin arxa plana keçməsini Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.
Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsinin taleyi ABŞ-dəki seçkilərin nəticəsindən asılı olacaq.
“ABŞ-də keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiya-Ukrayna və İsrail-İran münasibətləri gərginləşməyə doğru gedəcək. Rusiya-Ukrayna müharibəsi daha da dərinləşir. Rusiya Ukraynanın ərazisinə girdikdən sonra Ukrayna da Rusiya ərazisinə daxil olub. Belqorod və digər istiqamətlərə zərbələr endirir. Zelenski belə bir bəyanat verdi ki, müharibə bitə bilər, Rusiya ilə sülh müqaviləsi imzalana bilər”, – deyə o bildirib.
Y.Bağırzadə qeyd edib ki, “Ramşteyn” görüşü ABŞ prezidenti Co Baydenin qatıla bilmədiyi üçün təxirə salınıb.
“Zelenski NATO-nun üzvü olan dövlətlərin başçıları ilə görüşür. Zelenski Almaniyadan xahiş edir ki, Almaniya istehsalı olan silahlardan Rusiyanın daxilinə zərbələr endirməyə icazə versin. Digər tərəfdən, Ukraynaya başqa dövlətlər tərəfdən silahların verilməsi davam edir. Müharibələrin taleyi ABŞ-dəki seçkidən asılıdır. Seçki öncəsi münasibətlər daha da gərginləşəcək. Demokratlar hakimiyyətdə olduğu müddətcə İsrail heç vaxt sülhə getməyəcək”, – deyə o bildirib.
Səxavət Məmməd
www.yenicag.az