!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 53-cü GÜNÜ: Kreml rəhbərliyi öz aləmindədir - TƏHLİL

!Reklam – Yazi

53 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 727 ədəd, avtomobil texnikası – 1 455 ədəd, səhra artilleriyası və minaatanları – 372 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 125 ədəd, zenit-raket kompleksləri – 258 ədəd, təyyarələr – 160 ədəd, helikopterlər – 148 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 212 ədəd, avtomobil texnikası – 170 ədəd, səhra artilleriyası və minaatanlar – 905 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 139 ədəd, zenit-raket kompleksləri – 178 ədəd, təyyarələr – 83 ədəd, helikopterlər – 48 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli üçüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, Şimali Saltovka, Pyatixatki, Alekseyevka, Dərqaçi yaşayış məntəqələri artilleriya, minaatan, raketlərdən atəşə tutulur:

“Gün ərzində əməliyyatlar teatrında tərəflərin taktiki vəziyyətində qismən dəyişiklik müşahidə olundu. 53-cü gündə əməliyyatlar teatrında iki mühüm hadisə baş verdi. Birinci, rusların gözlənilən hücumu artıq başlamış oldu. Belə ki, rus qruplaşmaları Zaparojets istiqamətində bölük taktiki qrupları ilə yavaş-yavaş da olsa, hücum üçün hərəkətə başladılar. İkincisi, Ukrayna ordusu İzyum istiqamətində əks-hücum əməliyyatı həyata keçirdi və qismən taktiki uğur əldə etdi.

Ukraynalıların bu taktiki uğurunun rusların bu istiqamətdəki hücum qruplaşmasına ciddi təhlükə yaradacağı gözlənilir.

Qara dəniz flotiliyasının flaqmanı sayılan “Moskva” kreyser gəmisi batırılandan sonra əməliyyatlar teatrında ruslar döyüşlərin formasını dəyişmiş görünür. Dünən gecədən başlayaraq Xarkov şəhərini aramsız olaraq reaktiv yaylım atəş vasitələri ilə atəşə tutdular. Ukrayna Silahlı Qüvvələri gün ərzində rusların on hücumunu dəf etdi. Ruslar uzaqdan raket və artilleriya atışları ilə Ukrayna müdafiə qruplaşmasının iradəsini qırmağa çalışır. Ukrayna tərəfi isə xüsusi təyinatlı qrupların və muzdluların vasitəsilə xüsusi əməliyyatlar və partizan hərakatını həyata keçirməklə rus qoşunlarına itkilər verdirməyə çalışır.

Müharibənin gedişatında tərəflərin bu taktikası bir müddətlik özünü doğrultsa da, uzun vədəli perspektivdə ciddi uğur vəd etmir. Nəticə etibarı ilə bu, taktiki mövqe döyüşləri ilə nəticələnir.

Donetsk istiqamətində Ukrayna ordusu Rusiya qoşunlarına ciddi itkilər verdirib. Çoxlu zirehli texnika və şəxsi heyət məhv edilib və əsir götürülüb. Xarkovda, Kramatorskda, Slavyanskda mülki əhali üçün ən ciddi təhlükə böyük həcmdə hava zərbələri, raket, artilleriyadır. Son sutka ərzində rus qoşunları Xarkova 24 dəfə zərbə endirib. Yaxın günlərdə İzyum istiqamətində ciddi döyüşlər gözlənilir. Rusiya ordusu ora zirehli texnika və canlı qüvvə toplayır. Luqansk vilayətinin Popasna şəhəri ruslar tərəfindən tamamı ilə dağıdılıb.

Şimali Saltovka, Pyatixatki, Alekseyevka, Dərqaçi yaşayış məntəqələri artilleriya, minaatan, raketlərdən atəşə tutulur. Ukrayna müdafiəçiləri gün ərzində rusların 15 tankını, 3 artilleriya sistemini, 24 zirehli döyüş maşınını və 10 avtomobil texnikasını məhv etdi. Xarkov vilayətində Rusiyanın Ka-52 helikopterini məhv etdilər.

Mariupolda vəziyyət gərgin olaraq qaldı. Belə ki, Donetsk və Tavriya istiqamətlərindən Mariupola aviazərbələr endirilir. Xüsusən də TU-22-dən ağır bombalarla Mariupolu bombalamağa başladılar. Mariupolda “Azovstal” zavodunun ərazisi şəhərin içində möhkəmləndirilmiş müdafiə rayonudur. Zavodun ərazisində möhkəmləndirilmiş sığınacaqlar və çoxşaxəli tunellər mövcuddur. Bu da öz növbəsində “Azov”çuların müdafiəsinin dayanıqlığını təmin edir. Bu ərazidə təxminən 2500 nəfər döyüşçü beş-altı qat üstün qüvvə ilə ölüm-dirim savaşı verir.

Eyni zamanda, bu gün Rusiya Müadafiə Nazirliyi bəyanat yayaraq Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olanları təslim olmağa çağırıb. Mühasirədə qalmış Azov alayının hərbçiləri ruslara təslim olmaqdan imtina etdi. Mariupol üzərinə hücum edəcək rus komandirlərə şəhərin aprelin 20-nə qədər nəzarətə götürülməsi tapşırılıb. Aprelin 20-dək Mariupol şəhər adminstrasiya binasının qarşısında Rusiya Müdafiə Nazirliyinə əməliyyat raportu verilməlidir. Bu baş tutmasa, qruplaşmada iştirak edən bütün komandir heyətinin ən ağır şəkildə cəzalandırılacağı onlara çatdırılıb. Ya ölməlidirlər, ya da şəhəri nəzarətə götürməlidirlər. Hər iki halda şəxsi heyət “qurban”dır. Əməliyyatda Ukrayna qoşunları onları məhv edəcək, sağ qalsalar, hərbi məhkəmələr. Hətta hərbçilər bu əmr yerinə yetirilməsə, yerində güllələnə biləcəklərinə dair komandalar alıblar. “Qəssab” ləqəbli yeni komandanın idarəetmə məntiqi bundan ibarətdir. Görünən odur ki, Mariupol əməlli-başlı rusların baş ağrısına çevrilib.

Rus qoşunlarının ehtiyatlarının Kursk, Bryansk və Voronej vilayətlərindən Ukraynanın digər ərazilərinə hərəkəti davam edir. Birinci eşalonda döyüşən bölmələrin təminatında ciddi problemlər var. Rusiya Silahlı Qüvvələrinin birbaşa təmas xəttində yerləşən bölmələrində şəxsi heyətin narazılığı artır, mənəvi-psixoloji durum aşağı olaraq qalır. Bölmələr rotasiya çatışmazlığından, sıradan çıxan texnikalardan, verilən yanacağın və qidanın keyfiyyətindən şikayətlənirlər.

44 günlük Qarabağ savaşında Azərbaycan ordusunun qələbə əldə etməsinin əsas səbəblərindən biri də irəliləyən bölmələrə vaxtında yanacaq, ərzaq və geyimlərin çatdırılması oldu. Bu işdə ordu ilə yanaşı, xalq da çox ciddi dəstək nümayiş etdirirdi. Hətta döyüşdən çıxan bölmələr yeni geyimlərlə təmin edilirdi. Bundan əlavə, modul tipli hamamlar hazırlanıb əraziyə göndərilirdi. Müharibədə döyüşən bölmələr ərzaq, yanacaq, sursat dərdi çəkməməlidir. Ordu əgər bunu da özü düşünsə və həll etsə, müharibəni kim aparacaq? Ukraynada isə ruslar bəzi istiqamətlərdə ərzağı, yanacağı özləri təmin etməli olurlar. Bu isə ordunun döyüş qabiliyyətini tamamilə aşağı salır.

Rusiya ərazisindən Çerniqov və Sumı vilayətlərindəki hərbi və mülki infrastruktura raket zərbələri endirilməsi və artilleriya atəşinə tutulması davam etdi.

Ukrayna Prezidenti bu gün Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapanı vitse-admiral rütbəsinə yüksəltdi. Buna səbəb, təbii ki, “Moskva” kreyserinin batırılması və Qara dəniz akvatoriyasında Ukrayna flotiliyasının uğurlu əməliyyatlarıdır. Ümumiyyətlə, görünən odur ki, Ukrayna siyasi və hərbi rəhbərliyindəki şəxslər həqiqi professionallardır. Adətən, sülh vaxtında yararlı olan mütəxəsislər müharibə zamanı özünü doğrultmur. Amma Ukraynada hamı öz yerindədir. Ukrayna siyasi-hərbi isteblişmenti müharibəyə tam hazırlaşmış mütəxəsislərdən ibarətdir. Biz bunu bütün strukturlarda müşahidə edirik. Əslində, Ukraynanı günbəgün uğurlu edən də elə kadrların öz yerində olmasıdır.

Əməliyyatlar teatrında ciddi dəyişikliklər baş verməsə də, Rusiya iqtisadiyyatında müharibənin izləri artıq ciddi hiss edilməyə başlayıb. Belə ki, Rusiyaya ixrac 70 faiz azalıb. 700 Rusiya mülki aviasiya təyyarəsi ehtiyat hissələri və proqram təminatının yenilənməsinin olmaması səbəbindən lisenziyalarını itirib. Yüzlərlə iri şirkət və minlərlə mütəxəssis Rusiyadan üz döndərib. Mövcud proqnozlara görə, bu il Rusiyanın ümumi daxili məhsulu 11 faiz azalacaq. Əslində, bu göstəricilər Rusiya üçün yaxınlaşan katastrofun ilkin siqnalıdır. Düşünürəm ki, əməliyyatlar teatrındakı itkiləri nisbətən bərpa etmək mümkün olacaq, amma iqtisadiyyatın vurduğu bu zərbələr altından asanlıqla qalxacaq zərbələr deyil. Kreml rəhbərliyi öz aləmindədir və hesab edir ki, Ukraynadakı müharibədə qalib gəlirlər. Amma düşünürəm ki, əslində, Ukraynada nə baş verdiyini yaxşı bilirlər. Rusların hər keçən gün əleyhinə olan bu gedişata nə qədər hazır olduqlarını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

3132
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv