Ukrayna-Rusiya müharibəsinin geridə qalan bir həftəsinin təhlilinə keçməzdən öncə tərəflərin itkilərini diqqətinizə çatdırırıq.
Geridə qalan yeddi gün ərzində Rusiyanın təxmini itkiləri:
6000-ə yaxın əsgər, 32 təyyarə, 34 helikopter, 220 tank, 1000-dən çox hərbi texnika, 30 ədəd reaktiv yaylım atəş sistemi, 80 ədəd yanacaq sisterni, 6 PUA, 2 qayıq və 500 ədəd avtomobil texnikası.
Ukrayna tərəfinin təxmini itkiləri:
1600 hərbi obyekt, 54 komanda məntəqəsi , 42 ədəd S-300 zenit-raket kompleksi, 3 ədəd “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 54 RLS stansiyası, 57 təyyarə, 480 tank və digər zirehli döyüş maşını, 65 reaktiv yaylım atəş sistemi, 250 səhra artilleriya qurğusu və minaatan, 340 xüsusi təyinatlı hərbi texnika, 46 pilotsuz uçuş aparatı.
Ukrayna-Rusiya müharibəsinin yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyevgeridə qalan bir həftə ərzində baş verən proseslər barədə bunları deyib:
“Öncə, onu bildirim ki, ötən bir həftə ərzində verdiyimiz proqnozların yanlış çıxanı olmayıb. Müharibənin ötən bir həftəsinin nəticəsi etibarı ilə Rusiya bəzi taktiki hədəfləri ələ keçirsə də, strateji hədəfləri ələ keçirməyə nail ola bilmədi. Rusiyanın əsas strateji hədəfi Kiyev şəhərini ələ keçirməklə siyasi iqtidarı devirmək, Kiyevdə rusyönümlü hakimiyyət qurmaq və bu yolla Ukraynanın digər hissəsini təslim olmağa məcbur etməkdən ibarət idi. Əsas hədəf həyata keçirilmədi. Xerson şəhəri xaric Ukraynann heç bir böyük şəhəri ələ keçirilə bilmədi. Xerson şəhərinin əhalisinin sayı 300 min nəfər idi. Bir həftə ərzində Rusiya yalnız 300 min nəfər əhalisi olan bir şəhəri ələ keçirə bildi. Rusiyanın hücumlarını davam etdirdiyi dörd istiqamətdə bəzi yaşayış məntəqələrini ələ keçirməyə və irəliləməsinə baxmayaraq, strateji hədəflər ələ keçirilməmiş qaldı.
Ukrayna hərbi kəşfiyyatı Rusiyadan ələ keçirilən məxfi sənədlərə əsasən belə qənaətə gəldi ki, Rusiya müharibəni 15 günlük planlayıb. Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı müharibənin 15 günə bitəcəyini planlamışdısa, hədəflərə çatma yönündə qarşıya qoyduğu tapşırığın heç 30 faizinə belə nail ola bilməyib. Müharibənin planlandığı kimi getmədiyini görən Rusiya Strateji Raket Qoşunlarının silahlanmasında olan operativ-taktiki raketlərdən istifadəyə üstünlük verməyə başladı. Böyük şəhərləri dağıntıya məruz qoymağa çalışdı. Bununla onu düşünürdülər ki, Ukrayna SQ-də qorxu yaradacaq və psixoloji müharibəni lehinə çevirəcək. Bu da mümkün olmadı. Çünki Ukrayna ordusunun gücünə güc qatan addımlar atıldı. Xüsusən də xaricdən gələn könüllülərin orduya daxil olması, əhaliyə silah paylanması, xaricdən “Javelin”, “Stinger”, “Bayraktar-TB2”lərin göndərilməsi ilə Ukraynanın döyüş qabiliyyəti çox güclənmiş oldu. Ona görə də sahədə hücum edənlə müdafiə olunan tərəflərin balansı taktiki olaraq bərabərləşsə də, operativ-strateji səviyyədə üstünlük Rusiyada qaldı. Strateji raketlərdən, yaylım atəş sistemlərindən və operativ-taktiki raketlərdən istifadə Rusiyanın irəliləməsinə şərait yaratdı. Rusiya, beləliklə, kontaktsız, məsafədən müharibə aparmaq taktikasına üstünlük verdi. Rusiya tərəfi gördü ki, quru qoşunları kalonlarla hərəkət edəndə və şəhərə texnika ilə girəndə ya Ukrayna tərəfi onu ələ keçirir, ya da məhv edir. Ona görə də döyüş taktikasını yenidən korrektə etməli oldu.
Sahədə baş verənlərin xaricində bir də sahənin kənarında böyük aktorların fəaliyyəti də var. Ukraynaya hücuma cavab olaraq NATO və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar Rusiyaya müharibənin verəcəyi ziyanlardan da artığına başa gəldi. Bir həftənin sonunda Rusiya Ukraynadan daha çox masaya oturmağa meyilli oldu. Çünki həm taktiki olaraq sahədəki, həm də iqtisadi olaraq itkilərin təsirini hiss etməyə başladı. İki dəfə siyasi görüş oldu və görüşün nəticələri heç bir tərəf üçün məqbul sayılmadığından heç bir razılaşmaya nail olunmadı.
Düşünürəm ki, Ukrayna müharibənin Rusiyanın dayandığı, ələ keçirdiyi həddlərdə və ərazilərdə bitməsinə heç zaman razı olmaz. Ukraynanın istəyi Rusiya Silahlı Qüvvələrini dayandırmaq, tərəfdarlarının dəstəyi ilə müharibənin gedişatını leyhinə çevirməkdən ibarətdir. Rusiya bu şərtlərdə müharibəni bitirmək istəyər. Çünki, ən azı, Ukrayna ikiyə parçalanmış sayıla bilər. Nəticəsinə baxdıqda bir həftənin nə Rusiyanın, nə də Ukraynanın üstünlüyü ilə keçdiyini deməyimiz doğru olmazdı. Müharibə davam edirsə, kimin üstün olacağını nəticə göstərəcək. Bu, yola saldığımız həftədən daha mühüm olacaq “.
Önümüzdəki həftədə baş verə biləcək proseslərə gəldikdə isə hərbi ekspert bu fikirləri səsləndirib:
“Yeni reallıqlar ortaya çıxdı. Bu ondan ibarətdir ki, Xerson şəhərinin ələ keçirilməsi Rusiya siyasi və hərbi hakimiyyətinin ümidlərini artırdı. Onlar düşünməyə başladılar ki, bunu edə bilirlərsə, önümüzdəki həftə Kiyevi, Odessanı, Mariopolu, Xarkovu da ələ keçirə bilərlər. Ukraynada , qaçqınların sayı bir milyona yaxınlaşıb. Bu da Ukraynanın tərəfdaşları üçün ciddi problemə çevrilir.
Görünən odur ki, əməliyyatlar teatrında Ukrayna SQ-nin topyekun döyüş iradəsi qırılmayıb. Döyüşlərdən yayılan videolardan görmək olur ki, Ukrayna ordusunun döyüş ruhu ruslarınkından çox daha üstündür. Ukraynalılar göstərirlər ki, əsir düşmüş ruslara qarşı çox humanist davranırlar. Bu, ciddi məqamdır. Bir həftədən sonra, necə ki, biz bunu proqnozlaşdırmışdıq, meyitlər Rusiyada əhaliyə təqdim olunmağa başlayıb. Bu da Rusiya əhalisində psixoloji əks-təsir yarada bilər. Rusiya əhalisinin, siyasi elitasının və oliqarxların fərdi qaydada etiraz etdikləri müşahidə olunur. Təbii ki, bu da Rusiya hakimiyyətinə təsirsiz ötüşməyəcək. Kreml əhalinin və oliqarxların reaksiyasını da test edəcək. Bunun üzərindən Rusiya çalışacaq ki, 15 günlük planladığı hədəfləri vaxtından əvvəl ələ keçirsin. Bu da o qədər real görünmür. Ona görə ki, artıq Ukraynada bütün ölkələrdən könüllü olaraq əməliyyatlara qatılan muzdluların sayı artıb.
Bundan əlavə, yeni rəqəmlərə görə, Almaniya 1000 ədəd “Stinger” və 500 ədəd tank əleyhinə raketlər göndərib. Görünən odur ki, NATO Ukraynanı fərdi hərbi kampaniya döyüşçülər ilə gücləndirir. Artıq Amerikanın FOG kimi nəhəng muzdlu hərbçilər şirkətinin döyüşçüləri də Ukraynaya dəstək olaraq sahədədirlər. Bu isə o deməkdir ki, taktiki səviyyədə Rusiyanın itkiləri dəfələrlə artacaq. Ona görə düşünürəm ki, önümüzdəki günlərdə və həftədə Rusiya bütün gücünü ortaya qoyaraq raket sistemlərindən maksimum nəyi istifadə etmək olarsa, onlardan istifadə edərək Ukraynanı yenilmiş vəziyyətdə masaya oturtmağa çalışacaq. Rusiyanın bu hədəfi yerinə yetirməsi çətin görünür. NATO çalışır ki, müharibə uzansın. Müharibə nə qədər uzansa, Rusiyanın çöküşü də o qədər tez olacaq. Müharibə bu templə davam edəcək. Ola bilsin ki, Rusiya yenə hansısa böyük şəhərləri ələ keçirsin. O böyük şəhərləri ermənilər bizim şəhərləri hansı vəziyyətə salmışdılarsa, ancaq o vəziyyətə gətirəndən sonra ələ keçirə bilərlər. Görünən odur ki, Ukrayna dirəncini artıraraq gedir”.
Səxavət Məmməd
www.yenicag.az