Hər il Azərbaycanda və xaricdə Ulu Öndər Heydər Əliyevin doğum günü və Azərbaycanın milli bayramları keçirilir. 50 milyondan çox azərbaycanlı öz mənəvi liderini, Azərbaycançılıq ideologiyasını ortaya qoyan bu dahi şəxsiyyəti anır, Milli bayramlarımızı qeyd edirlər. Bu ənənəvi tədbirlərdən biri də Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən keçirilir.
Lakin hər yerdə olduğu kimi, Rusiyada da “gözəgörünməz əllər” Ulu Öndərə sadiq şəxslərlə Azərbaycan dövlətini üz-üzə qoymağa çalışır. Belə ki, Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edən və hər zaman dövlətimiz tərəfindən qiymətləndirilən insanlar belə tədbirlərə çağırılmırlar. Səbəb olaraq isə səfirliyin bəzi əməkdaşları “tədbirə ancaq ləyaqətli şəxslər dəvət olunur” və “səfir sizi burada görmək istəmir” cavabını alıblar.
Belə çıxır ki, ölkə rəhbərliyi və dövlət rəsmiləri tərəfindən dəfələrlə qiymətləndirilən şəxslər ləyaqətsiz olublar? Bəs ləyaqətli şəxslər kimdir? Diaspor.Az-ın araşdırmasına görə, adı Fətullah Gülən camaatı ilə birlikdə hallandığı üçün Rusiyadan Amerikaya qaçan, orda yaşayan Rusiyadakı gülənistlərin imamı olan Namiq Şahpələngovun yaxın çevrəsi, Azərbaycan Dövlətinə və şəxsən ölkə rəhbərliyinə qarşı çirkin iftiralar atan fəaliyyəti dayandırılmış ABU rektoru Elşad Abdullayevin yaxın qohumlarının dəvət olunduğu tədbirə, Dövlət başçısına sədaqətindən şübhə edilməyən bir çox gənclər və ziyalılar müxtəlif bəhanələrlə buraxılmırlar.
Narazı şəxslər bu məsələdən dövlətimizin, xüsusən Xarici İşlər Nazirliyinin və Diasporla İş Üzrə Dövlət Komitəsinin xəbərsiz olduğuna inanır və düşünürlər ki, Azərbaycanın Rusiyadakı Səfirliyində də Gülən camaatını və Azərbaycandan qaçaraq Avropaya sığınan Elşad Abdullayevin yaxın qohumlarını qoruyan “gözəgörünməz əllər”dən də var və onlar dövləti sevənləri küsdürərək Dövlətimizə qarşı narazı kütlə yaratmağa çalışırlar.
Mövzunu davam etdirəcəyik.
Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.(Diaspor.az)
www.yenicag.az