“Azərbaycan hökumətinin üzərinə düşən ən böyük vəzifə ondan ibarətdir ki, ixracat üçün Avropa Birliyi ölkələri ilə azad ticarət sazişi imzalasın. Azərbaycan sahibkarları Daha böyük, daha dayanıqlı bazara mal sata bilsinlər”.
Bu fikirləri Rusiya tərəfinin Azərbaycan və Ermənistanın ödəmələri rublla etdiyini açıqlaması və sahibkarların çarəsiz vəziyyətdə qalmasını şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.Nazim Bəydəmirli bildirib ki, Azərbaycan iqtisadi baxımdan Rusiyadan uzaq durmalıdır:
“Ukraynaya təcavüzdən sonra Rusiya bankları ciddi sanksiya altındadır. Xarici valyuta ilə ödəmələr tamamilə yoxdur. Azərbaycan banklarının Rusiya bankları ilə müxbir hesabları olmadan birbaşa əlaqələri mövcuddur. Ödəmələr həm manatla, həm də rublla ola bilir. Üçüncü bir bankı prosesə qoşmadan bunlar həyata keçirilə bilir.
Azərbaycan bankları həmişə müştərilərə xəbərdarlıq edir ki, ola bilər, sanksiyalar səbəbindən vəsaitləriniz dondurulsun. Əgər ödənişlər üçüncü bir bank vasitəsi ilə həyata keçirilsə, bu, risklidir.
Azərbaycanın idxal payının on beş faizi Rusiyanın payına düşür. İxracda isə üç tam onda yeddi faiz. Bu bir daha onu göstərir ki, Azərbaycanın idxalında Rusiyanın payı çox yüksəkdir. Rusiyada hər hansısa bir problem yaşandıqda qiymətlər bahalaşır. Azərbaycan hökuməti alternativ bazarlar axtarmalıdır.
Azərbaycan sahibkarı və yaxud şirkəti Rusiya ilə olan müqaviləsini həyata keçirmək üçün banka rubl sifariş edir. Azərbaycan kommersiya bankları Rusiyanın valyuta bazarından rubl alırlar və ödəniş olunur. Rusiya valyutasının dalğalanmasını nəzərə alsaq, risklər mövcuddur. Bu dalğalanma azərbaycanlı sahibkarı ehtiyatlı davranmağa məcbur edir.
Rusiya hər addımda təşviq edir ki, onun malları rublla alınsın. Azərbaycanda heç bir sahibkar vəsaitlərini rubla keçirməz ki, onun əlində rubl əvvəlcədən olsun. Məcburi ödənişlər edən zaman ona gedə bilər. Bunlar riskli əməliyyatlardır. Azərbaycan sahibkarlarına tövsiyyə edirəm ki, alternativ alıcılar tapsınlar.
Hiss edirəm ki, Azərbaycan hökuməti daha çox Rusiyayönümlü iqtisadi siyasət aparır. Rusiyaya kömək təhlükə yarada bilər və Azərbaycanı da sanksiya altına sala bilərlər. Azərbaycan hökumətinə tövsiyyəm ondan ibarətdir ki, Rusiyadan daha uzaq dursun”.
Səxavət Məmməd
www.yenicag.az