“Rusiyalı rəsmilər etiraf etməsələr də, ABŞ-ın tətbiq etdiyi sanksiyalar öz təsirini göstərir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının mümkün təsirlərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, ABŞ Konqresinə təqdim olunan yeni sanksiya zərfində Rusiya və bu ölkələrinin rəsmi şəxslərinə yönəlik daha ciddi məhdudlaşdırıcı addımlar nəzərdə tutulur:
“Sanksiyaların yeni zərfinin hazırlanması ABŞ Konqresinin bu məsələdə sona qədər qətiyyətli olacağını göstərir. Burada maraqlı məqamlardan biri də budur ki, hazırlanmış sanksiyaların bir hədəfi Krımın işğalına və Donbas separatçılarının dəstəklənməsinə görə cəzalandırılan Rusiyadırsa, digər hədəfi məhz ABŞ prezidenti Donald Trampdır.
Ümumiyyətlə, şübhə yoxdur ki, Konqresin bu qətiyyəti olmasaydı, Tramp heç nə olmamış kimi Rusiya ilə münasibətləri normallaşdırmaq yolunu seçəcəkdi. Ancaq Konqres Krımı işğal etməklə “qırmızı xətt”i keçən Rusiyaya güzəştə getmək niyyətində deyil.
Sanksiyaların yeni zərfinə gəldikdə isə onu deyə bilərik ki, Rusiyaya yönələn məhdudlaşdırıcı addımların siyahısı çox genişdir. Odur ki, onları konkretləşdirmək çox vaxt aparar. Qısacası, ABŞ-ın tətbiq etdiyi və Avropa İttifaqı (Aİ) ölkələrinin də istər-istəməz dəstəklədikləri sanksiyalar Rusiyanın vəziyyətini həqiqətən, çox çətinləşdirib.
Mən müşahidə edirəm ki, hətta Dövlət Dumasının deputatları bu barədə çıxış edərkən sanksiyaların Rusiyanın regionlarında həyatı xeyli ağırlaşdırdığını açıq mətnlə bildirirlər. Yəni Rusiya rəsmiləri nə qədər inkar etməyə çalışsalar da, sanksiyalar bu ölkəni xeyli zəiflədib.
Bir məqama da toxunmaq istərdim, Yaqland son çıxışlarında Rusiyaya qarşı sanksiyaların yumşaldılması və bu ölkəylə münasibətlərin normallaşdırılmasının vacibliyindən danışıb. Avropa Rusiyaya qarşı sanksiyalar məsələsində tərəddüdlü olsa da, ABŞ-da, xüsusilə, Konqresdə belə bir tərəddüd yoxdur.
O baxımdan, şübhə yoxdur ki, Konqresin gələn il baxacağı və böyük ehtimalla qəbul edəcəyi yeni sanksiyalar Rusiyanın düşdüyü ağır vəziyyəti daha kəskinləşdirəcək. Həmçinin, sanksiyaya məruz qalan rəsmi şəxslərin də sırası əhəmiyyətli dərəcədə genişləndiriləcək”.
A.Zeynalov
www.yenicag.az