Rusiyanın “imperiya kompleksi” – İrlandiyalı ekspertdən Medinskinin “dil sürüşməsi”nə REAKSİYA

media-hightechnic-468x90

“Azərbaycan və Rusiya arasındakı ikili əlaqələr çətin bir dövr keçirir. Bu, əvvəllər – 44 günlük müharibədən sonra raket insidenti baş verdikdə də belə olmuşdu. Daha yaxın dövrdə isə Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin AZAL-a məxsus təyyarəni vurması münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb oldu. Moskvanın tam məsuliyyəti qəbul etməkdə tərəddüd göstərməsi bu gərginliyi daha da artırdı. Beləliklə, ötən həftəyə və Medinski bəyanatına qədər münasibətlər yenidən aşağı səviyyəyə düşmüşdü”.

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.

media-patrikuolsh1

Siyasi təhlilçi son günlər Rusiya və Azərbaycan arasında əlaqələrin gərginləşməsi məsələsinə toxunub.

Analitikin fikrincə, Medinskinin bəyanatı təxribat məqsədilə edilməmişdi:

“Bu, yəqin ki, onun Azərbaycanın bu məsələyə həssas yanaşdığını bilməməyin nəticəsi idi. İngilis dilində “disputed” (mübahisəli) sözünün iki mənası var. Medinski bu ifadəni Qarabağın Azərbaycan və Ermənistan arasında “mübahisəli” ərazi olduğunu göstərmək üçün bir analogiya kimi daha qeyri-dəqiq anlamda işlətdi. Lakin bu, sözü yanlış və həssas olmayan şəkildə istifadə etmək idi. Çünki burada “mübahisəli ərazi” anlayışı yoxdur – Qarabağ demək olar ki, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır və bu tanınmaya Rusiya və hətta Ermənistanın özü də daxildir”.

Onun sözlərinə görə, Krım isə tamamilə fərqli bir hadisədir:

“Krım yarımadası 1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Nikita Xruşşovun qərarı ilə Ukrayna SSR-in tərkibinə daxil edilmişdi. Belə bir analogiya uğursuz və yerinə düşməyən idi. Medinski isə görünür, bunu dondurulmuş münaqişə nümunəsi kimi göstərmək istəyirdi, amma Rusiya isə Ukraynada dondurulmuş münaqişə deyil, rəsmi nizamlanma istəyir”.

Onun fikrincə, bu səbəbdən, sözügedən bəyanat pis niyyətlə deyil, daha çox yöndəmsiz və həssaslıqdan uzaq bir ifadə idi:

“Halbuki bir çox şərhçilər bunu qəsdən edilmiş bir təxribat kimi qiymətləndirdilər. Qərbdə də tez-tez deyilirdi ki, Qarabağ “mübahisəli ərazi”dir. BBC və ABŞ mediası bunu onilliklər boyu dəfələrlə belə təqdim etmişdi. Lakin Qarabağın statusunu bu şəkildə ifadə etmək tamamilə yanlış idi. Güman edirəm ki, Azərbaycan-Rusiya münasibətləri zamanla yaxşılaşacaq, çünki Zəngəzur dəhlizi və Avrasiya inkişafı kimi ortaq maraqlar mövcuddur. Bununla belə, Qarabağ tam azad olunduğu üçün artıq Bakı əvvəlki qədər Moskvanın könlünü almağa ehtiyac duymayacaq. Ona görə də əvvəlki münasibətlərdən bir qədər fərqli, dövri eniş-yoxuşlarla müşayiət olunan bir münasibət gözləyirəm”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600