Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov aprelin 9-u Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən dərhal sonra Xankəndidə erməni biznesmenlər Artak Balayan və Armen Balayan ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Onların “Şərab respublikası” adlı restoranda görüşərək birlikdə nahar etdikləri bildirilib. Görüşün təxminən iki saat davam etdiyi qeyd olunub.
Burada diqqət çəkən vacib məqam isə Armen Balayanın eks-Prezident Robert Koçaryanın ən yaxın adamlarından biri olmasıdır. Rüstəm Muradovun bu görüşü Ermənistandakı hakim siyasi dairələr tərəfindən birmənalı qarşılanmayıb.
Ümumiyyətlə isə son dövrlərdə Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı vaxtaşırı qeyri-adekvat fəaliyyətləri Azərbaycan ictimaiyyətində də narazılıq yaradır. Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun Qarabağdakı separatçı qüvvələrin qalıqları ilə formal və qeyri-formal görüşlər keçirməsi bu kontingentin fəaliyyətinin necə tənzimləndiyinə dair sualları yenidən gündəmə gətirir./Qafqazinfo/
www.yenicag.az