!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rüsumların artırılması “kiçik oyunçular”ın bazardan sıxışdırılmasına hesablanıb” – İqtisadçı

!Reklam – Yazi

Minik avtomobilləri və mobil cihazların qeydiyyat rüsumlarının artırılması fərqli reaksiyalar doğurub.

Yenicag.az xəbər verir ki, ötən gün baş nazir Novruz Məmmədov Milli Məclis tərəfindən qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” adlı sənədləri təsdiq edib.

Baş nazirin təsdiq etdiyi dəyişiklikləri Yenicag.az-a dəyərləndirən Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili, iqtisadçı Aydın Hüseynov bildirib ki, bu addım daxili bazarın qorunması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə atılıb:

“Avtomobillərin qeydiyyatı üçün rüsumların artırılmasını ilk növbədə daxili bazarın qorunması məqsədinə xidmət edir. Bildiyiniz kimi, Naxçıvan və Neftçalada yerli avtomobillər istehsal olunur və o baxımdan, bu addımı kifayət qədər əsaslı hesab edə bilərik. Eyni zamanda, ölkəyə gətirilən avtomobillərin texniki göstəriciləri, mühərriklərinin gücü və digər parametrlər nəzərə alınaraq, belə bir addım atılıb.

Mobil telefonların qeydiyyatı üçün rüsumların artırılmasını isə istehlakçıların hüquqlarının müdafiəsinə yönəlmiş qərar kimi qiymətləndirə bilərik. Ölkədə mobil telefon istifadəçilərinin sayı çoxdur və bu rəqəm artmaqdadır. Belə olan halda ölkəyə saxta mobil cihazların gətirilməsi ehtimalı da artır. Bunun qarşısını almaq üçün belə bir addımın atılması vacibdir”.

İqtisadçı Natiq Cəfərli isə Yenicag.az-a açıqlamasında sözügedən rüsumların artırılması üçün heç bir əsas olmadığını, bu addımın mobil telefon bazarında inhisarçılığa yol açacağını deyib:

“Öncə qeyd edim ki, bu qərar ölkəyə mobil telefon gətirən fiziki şəxslərə aiddir. Yəni indiyə qədər mobil telefon idxalı ilə fiziki şəxslər də məşğul ola bilirdilər və bu fəaliyyət üçün vergi dərəcəsi də ümumi nisbətdə aşağı idi. Eyni zamanda, fiziki şəxslərin mobil telefon gətirmək hüquqlarının olması bazarda rəqabətli mühitin yaranmasına təkan vermişdi.

Ancaq bu rüsumların artırılmasından sonra fiziki şəxslərin ölkəyə mobil telefon gətirmək və bazara çıxarmaq, bu fəaliyyətdən gəlir götürmək imkanları tam məhdudlaşacaq. Çünki rüsumların dəfələrlə artırılması onları çarəsiz vəziyyətə salır.

Başqa sözlə desək, rüsumların artırılması “kiçik oyunçular”ın bazardan sıxışdırılmasına və mobil telefon bazarında inhisarçılığın yaranmasına hesablanıb. Bu isə öz növbəsində qiymətlərin artması ilə nəticələnəcək. Qiymət artımı artıq növbəti aydan etibarən, özünü göstərəcək.

Avtomobillərin qeydiyyat rüsumunun artırılmasında da məntiq yoxdur. Əgər bu qərar bahalı avtomobillərə şamil edilsəydi, bunu başa düşmək olardı. Ancaq bütün avtomobillər üzrə qeydiyyat rüsumlarının artırılması büdcə daxilolmalarını vətəndaşın çiyinlərinə yükləməkdən başqa bir şey deyil”.

Qeyd edək ki, təsdiq olunan sənədlərə əsasən, minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilib:

2000 kubsantimetrədək, mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat, 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat, 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat, 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat.

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0, istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8, istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3 manat müəyən edilib.

Mobil cihazların qeydiyyata alınması ilə bağlı qərara görə foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

Xatırladaq ki, bu dəyişikliklərə qədər bazar qiymətindən asılı olmayaraq, mobil cihazların qeydiyyata alınmasına görə rüsum 5 manat təşkil edirdi.

A.Zeynalov

COP29

www.yenicag.az

2002
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv